Trampın çıxışları zamanı bu mahnılardan istifadə olunması qadağan edilib

Trampın çıxışları zamanı bu mahnılardan istifadə olunması qadağan edilib

“Aerosmit” qrupunun vokalçısı və lideri Stiven Tayler ABŞ Prezidenti Donald Trampa açıq məktub yazıb. O, Ağ Evin rəhbərindən öz tərəfdarları qarşısında çıxışları zamanı bu qrupun kompozisiyalarından istifadə olunmasına son qoymağı tələb edib. Tayler hesab edir ki, Prezident Tramp bu qrupun populyar “Livin’ on the Edge” və “Dream On” mahnılarından qanunsuz surətdə istifadə edir. Nəticədə dünyaşöhrətli rok qrupunun pərəstişkarlarında belə bir yanlış təsəvvür yaranır ki, guya onların sevimli ifaçısı Trampı dəstəkləyir və onun siyasi baxışlarına tərəfdardır. Taylerin nümayəndələri dəfələrlə bəyan ediblər ki, bu siyasətçi həmin kompozisiyalardan istifadə edilməsi üçün icazə istəməyib.

Stiven Tayler Trampın hərəkətlərinə görə hiddətlənib. O bildirib ki, artıq üçüncü dəfədir siyasətçidən bu qrupun müəllif hüquqlarını pozmağa son qoymasını xahiş edib. Musiqiçinin vəkilləri bildiriblər ki, əgər ABŞ Prezidenti bu vəziyyətlə əlaqədar qarantiya verməsə, onlar məhkəməyə müraciət etmək niyyətindədirlər. Onların fikrincə, dövlət başçısı həm Kaliforniya ştatının qanunlarını, həm də federal qanunvericiliyi pozur.

Bu yaxınlarda Trampın Qərbi Virciniyada öz tərəfdarları ilə görüşündə “Livin’ on the Edge” kompozisiyasından istifadə edilib. Həmin görüşdən sonra Taylerin vəkili Trampa yazılı şəkildə müraciət edib. Müraciətdə deyilir: “Dövlət qanunlarına və federal qanunlara uyğun olaraq, bizim müştərinin yazılı icazəsi olmadan cənab Trampın öz potensial kampaniyasında onun adından, obrazından, səsindən və başqa xüsusiyyətlərindən istifadə etmək hüququ yoxdur”.

Bütün xəbərlər Facebook səhifəmizdə