Avropa Məhkəməsindən Rusiyaya rekord cəza

Avropa Məhkəməsindən Rusiyaya rekord cəza

Avropa İnsan Haqqları Məhkəməsi (AİHM) Rusiya üçün rekord sayıla biləcək təzminat cəzası kəsib. SİA-nın məlumatına görə, təzminat Rusiyanın Çeçenistanda 2000-ci ildə apardığı hərbi əməliyyatlar zamanı həyatlarını itirən vətəndaşların ailə və yaxınlarına ödəniləcək.

 

Məhkəmədən edilən açıqlamada deyilir ki, İnsan Haqqları Konvensiyasının 41-ci maddəsinə görə Rusiya şikayətçilərə ümumilikdə 1 milyon 720 min avro, məhkəmə xərcləri üçün isə 2 min 266 avro ödəməlidir. Aralarında bir rusiyalının da olduğu 7 nəfərlik hakim heyəti Rusiyanın vətəndaşları qəsdən öldürmədiyi, ancaq vətəndaşların həyatlarının qorunması üçün lazımı tədbirləri görmədiyi qənaətinə gəlib. Hökmdə baş verən hadisə ilə bağlı lazımı araşdırma aparılmadığı da vurğulanıb.

 

Qeyd edək ki, 2000-ci ilin fevral ayında Çeçenistanın Qatıryurd bölgəsinə hava hücumu nəticəsində Rusiya silahlı qüvvələri ağır bombalardan, raket və toplardan istifadə edib. Hücum nəticəsində 24 adam həyatını itirib, 10-u isə ağır yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə