Ermənistan siyasi-iqtisadi böhran tələsində

Ermənistan siyasi-iqtisadi böhran tələsində

Rəsmi İrəvan problemlərdən çıxış yolu tapa bilmir

Son günlər Ermənistanda siyasi-iqtisadi böhran daha da gərginləşib. Xüsusilə də, işğalçı ölkənin yeni baş naziri Nikol Paşinyan 3 ay hakimiyyətdə olmasına baxmayaraq, bu müddətində nə siyasi, nə də iqtisadi sahədə bir addım belə irəliləyişə nail ola bilməyib. Politoloqlar bildiriblər ki, artıq bu az müddət ərzində "küçə demokratı"nın savadsızlığı açıq-aydın görünməkdədir: "Nikol Paşinyanın vədlərinin sonu çatır. Küçədən bəyan etdiyi və pafoslu səslənən fikirlərdən artıq konkret əmələ keçmək gərəkdir. Bunun üçün obyektiv gerçəkliyi nəzərə alan, müdrik və müasir çağırışlara cavab verən siyasi kurs müəyyənləşdirmək gərəkdir. Müşahidələr göstərir ki, N.Paşinyan bu mövqedən çox uzaqdır və 3 ay ərzində yeni heç bir addım ata bilmir. Əksinə, meydana çıxan daxili problemlər hakimiyyəti daha mürəkkəb dairəyə sürükləyir".

"Milli qəhrəman" hesab edilən Paşinyanın əməlləri, əslində, bir quldurun iç üzüdür

Erməni mətbuatı da Paşinyanın 3 ay rəzində öz əməlləri ilə quldur siyasəti apardığını vurğulayır: "Elə bu cəhətdən də Ermənistan ictimai şüurunda Nikol Paşinyan eyforiyası səngiyir: "Artıq N.Paşinyanın pafoslu küçə ritorikasının imkanları tükənməkdədir. İnsanlara vəd verməyin bir həddi var. Müəyyən müddətdən sonra real əməl tələb olunur.

Göründüyü kimi, proseslər göstərir ki, Ermənistanda hökumət dəyişsə də, erməni siyasətinin məntiqi dəyişməyib. Bu gün əzilən ermənilər iki yol arasında qalıb - Serj Sarkisyan iqtidarının yaratdığı korrupsiya sisteminin fəsadları, digər tərəfdən isə, hələ də küçə məntiqi ilə hansısa radikal dəyişikliklər etmək istəyən N.Paşinyan bəlası".

Ən qəribəsi də odur ki, erməni ekspertlər Paşinyana çıxış yolu da göstərirlər: "İlk öncə, oliqarxları neytrallaşdırmaq lazımdır, əks halda, demokratiya və inkişaf olmayacaq".

"Çiçəklənən Ermənistan" Partiyasının sədri Qaqik Sarukyan isə bəyan edir ki, N.Paşinyan, bütün sahələrdə olduğu kimi, o sahədə də səriştəsizdir. Q.Sarukyan onunla məsləhətləşmədən N.Paşinyanın seçki islahatı aparmasını tənqid edib və onu da vurğulayıb ki, hər bir halda, Ermənistanda kadr dəyişikliyi ilə ölkə həyatında hiss ediləcək yenilənmə müşahidə edilmir.

Ermənistanda yaranmış siyasi-iqtitsadi gərginliyin səbələrinə aydınlıq gətirən ekspertlərin sözlərinə görə, son günlər erməni mediasında istər baş nazir Nikol Paşinyan, istər müdafiə naziri David Tonoyan və digərlərin cəbhə xəttində siyasi-hərbi gərginliyin yüksək olması ilə bağlı bəyanatlarla çıxış etmələridir: "Bunun da ilk səbəbi daxili amillə bağlıdır. Daha doğrusu, ölkədə aprel inqilabından sonra da hökm sürən sosial-iqtisadi böhrandan çıxmaq əvəzinə, bu böhranın daha da dərinləşməsi, korrupsiyanın miqyasının həddən artıq böyük olması və dərin kök salması isə Paşinyan hakimiyyətini dalana dirəməsidir". Erməni ekspertlər onu da bildirir ki, inqilab öncəsi Nikol Paşinyan hakimiyyətə gəldikdə. bildirirdi ki, qısa zamandan sonra ölkə əhalisinin iqtisadi-sosial vəziyyətini yaxşılaşdıracaq. Ancaq 3 ay müddət keçməsinə baxmayaraq, bu istiqamətdə heç bir addım ata bilməyib. Sadəcə, korrupsiya ilə mübarizə altında bəzi iş adamları və məmurları, daha doğrusu, öznə rəqib hesab etdiyi şəxsləri sıxışdıraraq, onların əlindəkilərini almaqla məşğuldur. Artıq xalq ona olan inamını itirməkdədir. Digər tərəfdən isə, Paşinyan başda olmaqla, müdafiə naziri və digər rəsmilərin sərhəddə vəziyyətin gərgin olmasını və Azərbaycan tərəfin müharibəyə başlamaq niyyətində olması barədə fikirləri cəmiyyətə çatdırmaqla diqqəti yayındırmağa çalışmaları ilə bağlıdır. Eyni zamanda, Azərbaycan ordusunun iyunun 26-da keçirdiyi hərbi parad və nümayiş etdiridiyi silahlar da Paşinyan hakimiyyətini çox narahat edir".

Erməni mətbuatınnı yazdığına görə, Ermənistanın müdafiə naziri David Tonoyan da verdiyi müsahibəsində Türkiyə-Azərbaycan hərbi alyansının güclənməsinin Ermənistanın milli təhlükəsizliyinə və dövlətçiliyinə ciddi təhdid hesab etdiyini bildirib: "İrəvan yaxşı anlamağa başlayır ki, müharibə başlayarsa, bu gücün qarşısında tab gətirmək qeyri-mümkün olacaq".

Bütün bu reallıqlar, onu təsdiqləyir ki, Ermənistanın müstəqil dövlət olması hələ mümkün deyil. Lakin tarix göstərir ki, belə vəziyyət uzun müddət davam etmir. Haradasa qırılma nöqtəsi vardır. Ermənistan da bir dövlət kimi yaxın perspektivdə ciddi böhrana düşəcək. İndi mövcud olan problemlər birbaşa dövlətçiliyin taleyinə təsir edəcək. Bu acı taleyi yaşamamaq üçün yeganə çıxış yolu erməni silahlı quldur dəstələrinin işğal etdikləri Azərbaycan ərazisini tərk etməsidir. Ancaq qəribədir ki, erməni xalqı qəflət yuxusundan hələ də ayılmaq istəmir. Bununla, o, özünü bütövlükdə, fəlakətə sürükləyir. Paşinyanı gətirəndə elə zənn edirdilər ki, küçə demokratı gəlib onlara gün ağlayacaq, Ancaq heç ölkəsinin sərhədlərini belə qoruya bilmədiyini, Azərbaycan Ordusu ilə müharibədən isə qorxduğunu gizlətməyən "müstəqil ölkə"nin baş naziri Paşinyan açıq-aydın etiraflar edirsə, hansı xoş gündən danışmaq olar? Bax, budur sizin çıxış yolunuz - Paşinyan! Vəssalam! Ancaq misal var - "özü yıxılan ağlamaz"!

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə