Şimali Koreya ilə Cənubi Koreya arasında son günlərdə baş verən qarşıdurmalar diqqətlərin yenidən Sarı dənizə çevrilməsinə səbəb olub. Ancaq gərginliyin köklərini daha dərində, 1950-1953-cü illərdəki Koreya Müharibəsindən sonra çəkilən şimal sərhəd xəttində axtarmaq lazımdır.
Asiyanın dənizləri və adaları ilə tez-tez qarşıdurmalara səbəb olur. Yaponiya və Rusiya Xokkaydo üstündə üz-üzə gəldi, Yaponiya və Çin Cənubi Çin dənizindəki adalar üzərində hakimiyyət üçün mübarizəyə qalxdl. Bir çox ölkələr Spratley adalarına iddia edir. Şimali və Cənubi Koreyanın birləşdiyi Sarı dəniz sahilləri isə qarşıdurma sahələri içərisində ən təhlükəlisi hesab olunur. Şimali və Cənubi Koreya, xüsusilə də Sarı dənizdəki kiçik adalarla əlaqədar olaraq uzun müddətdir ki, kimin sularının harada bitdiyi məsələsində anlaşılmazlıq yaşayır. Cənubi Koreyaya aid hərbi gəmi "Cheonan" bu ilin mart ayında mübahisəli ərazidə Şimali Koreyanın hücumuna məruz qaldı, 46 əsgər həyatını itirdi. Şimali Koreyanın bu həftə etdiyi top atəşlərindən sonra isə dörd adamın öldüyü Yeonpyong adası da eyni ərazidədir. Qarşıdakı günlərdə isə ABŞ və Cənubi Koreyanın keçirəcəyi birgə hərbi təlimlər iki Koreya dövləti arasındakı münasibətləri daha da gərginləşdirə bilər.
Qarşıdurmanin mərkəzində isə şimal sərhəd xətti dayanır. 1953-cü ildə Koreya Müharibəsindən sonra Birləşmiş Millətlər Təşkilatı birtərəfli olaraq Şimali Koreya sahilləri üçün üç dəniz mili müəyyən etdi. Bu vəziyyət sahil yaxınlığındakı beş adanı da Cənubi Koreyanın nəzarətinə vermiş oldu. Bir sözlə Şimali Koreyanın donmayan tək açıq dəniz limanı Haejunun da önünü bağlanmış oldu.
Uzunmüddətli bir sülh razılaşması imzalanmadığı üçün müvəqqəti bir tənzimlənmə qarşıdurmaların tez-tez baş verməsinə şərait yaradır. Pxenyan bu vəziyyətdən heç zaman razı olmayıb, ancaq səsini 1970-ci illərdən etibarən yüksəltməyə başlayıb. Şimali Koreya daha fərqli bir sərhəd xəttinin çəkilməsini tələb etdi. Bir neçə il əvvəl Şimali Koreya hökuməti şimal sərhəd xəttini "ABŞ-ın müqəddəs sularımızda çəkdiyi qeyri-qanuni bir xətt" olaraq adlandırdı. Bununla belə Cənubi Koreya hər zaman Pxenyanın irəli sürdüyü alternativ xəttə qarşı çıxıb. Bunun səbəbi isə Şimali Koreya quru sularının İnçeon limanına yaxınlaşmasıdır.
Mübahisəli ərazilər əhəmiyyətli balıqçılıq mərkəzidir. Xüsusilə Şimali Koreya dənizçiləri iyun və sentyabr ayları ərzində buradan xeyli gəlir götürür. Bu səbəbdən də sözügedən sularda həm iki Koreyanın, həm də Çinin gəmiləri dolaşır. Ovlanma haqqları ilə əlaqədar olaraq yaranan anlaşılmazlıqlar tez-tez gəmilərin həbs olunması ilə nəticələnir. Cənubi Koreyanın Sahil Təhlükəsizlik Xidmətinin qeydlərinə görə, Şimali Koreya 1990-cı illərdə Sarı dənizdə 36 gəmini həbs edib.
Son zamanlar Sarı dəniz suları tez-tez silahlı qarşıdurmalara şahidlik edir. Bu qarşıdurmalardan ən ciddiləri 1999 və 2002-ci illərdə baş verib və insan itkisi ilə nəticələnib. Şimali Koreya gəmiləri 1999-cu ildəki qarşıdurmalarda daha böyük zərər görüb. Keçən il Cənubi Koreya gəmisindən açılan atəş dəniz sərhədini keçən Şimali Koreya gəmisinə zərər verib. Pxenyan isə hadisəni "ciddi bir silahlı təxribat" olaraq qiymətləndirib.
İki Koreya arasındakı müvəqqəti sülh Sarı dəniz sahillərini Pxenyan tərəfindən asanlıqla böhran yaradılacaq bir sahəyə çevirir. Bu cür qarşıdurmaları nəzarət altına almaq asandır, ancaq nüvə təhlükələri qarşısında manevr imkanları getdikcə azalır. Son hadisələrdən sonra iki tərəf də mövqelərini sərtləşdirmiş kimi görünür. Cənubi Koreya Sarı dənizdəki hərbi qüvvələrini artırmaq qərarına gəlib.
Ekspertlər isə yaxın dövrlərdə şimal sərhəd xətti ilə əlaqədar hansısa dəyişiklik gözləmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB