Vaşinqton və Pxenyan Koreya yarımadasının nüvəsizləşdirilməsi prosesinin gedişini yoxlamaq üçün işçi qruplar yaradacaqlar. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə razılıq ötən gün ABŞ dövlət katibi Mayk Pompeonun Şimali Koreyaya rəsmi səfərinin ikinci günündə əldə olunub.
Pompeo Pxenyandakı rəsmilərlə Şimali Koreyanın nüvə-raket proqramından imtinası məsələsini, həmçnin 1950-53-cü illərin Koreya müharibəsi zamanı həlak olan amerikalı hərbçilərin qalıqlarının vətənə geri qaytarılmasını müzakirə edib. Daha sonra Pompeo danışıqların aparıldığı məkanı müvəqqəti tərk edərək, görüşün gedişatı barədə məlumat vermək üçün ABŞ prezidenti Donald Trampa zəng vurub.
Qeyd edək ki, 12 iyunda Sinqapurdakı sammitdə Trampla Şimali Koreya lideri Kim çen In tərəfindən imzalanan birgə bəyannaməyə əsasən, Pxenyanın Koreya yarımadasının tam nüvəsizləşməsi məsələsinə sadiq olduğu müddətdə ABŞ da Şimali Koreyanın təhlükəsizliyinə zəmanət verməklə bağlı öhdəlik götürüb. Lakin həmin sənəddə Şimali Koreyanın nüvə silahından tam imtina etməsi və qitələrarası ballistik raketlərinin məhv edilməsilə bağlı ABŞ-ın tələblərinə və plan barədə bir cümlə belə qeyd edilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB