Sarı dənizdə gərginlik artır

Şimali Koreya ilə Cənubi Koreya arasındakı illərdir ki davam edən gərginlik şimaldan bu gün açılan top atəşlərindən sonra daha da artıb. SİA-nın "Röyters" agentliyinə istinadən verdiyi məlumata görə, Şimali Koreyanın bu gün Cənubi Koreyanın Yeonpyong adasını top atəşi ilə vurması nəticəsində 2 əsgər ölüb. Cənubi Koreya Müdafiə Nazirliyi hadisə nəticəsində 17 əsgər və 3 mülki vətəndaşın yaralandığını açıqlayıb. Nazirlikdən verilən açıqlamada Şimali Koreyanın açdığı atəş "qəsdən və planlı hücum" olaraq xarakterizə edilib. Müdafiə Nazirliyi hadisənin "atəşkəsin açıq pozuntusu" olduğunu bildirib.

 

Hadisənin yerli saatla 14:34-də baş verdiyi deyilir. Məlumata görə, Yeonpyong adası mübahisəli sərhəd bölgəsində yerləşir. 200-ə yaxın top atəşindən sonra onlarla evdə yanğın baş verdiyi bildirilib. Hərbi vəziyyət elan edən Cənubi Koreya da 80 top atəşi ilə cavab verib. Cavab olaraq Cənubi Koreyanın "F-16" döyüş təyyarələrinin adanın qərb sahilinə göndərildiyi xəbər verilir.

 

Atəş altında qalan ada əhalisinin adadan çıxarılmasına başlanılıb. İki ölkə 1950-53-cü illər Koreya müharibəsindən sonra sülh razılaşması imzalamadığı üçün texniki olaraq müharibə vəziyyətindədir. Cənubi Koreyanın "YTN" televiziyanının şahidlərə istinad edərək verdiyi məlumata görə, adada baş verən yanğın artıq nəzarətdən çıxmağa başlayıb.

 

Şimali Koreya isə ilk atəşin Cənubi Koreya tərəfindən açıldığını bildirib. Şimali Koreya ilə Cənubi Koreya arasında qarşılıqlı olaraq açılan top atəşlərindən sonra Şimali Koreya tərəfindən edilən ilk açıqlamada atəşkəsi pozduğuna görə, Cənubi Koreya ittiham edilib. Şimali Koreya ordusunun yüksək rütbəli rəhbərlərindən biri ölkənin rəsmi xəbər agenliyi "KCNA"-a verdiyi açıqlamasında "davamlı xəbərdarlıqlarımıza qarşı Cənubi Koreya saat 13:00-dan etibarən onlarla top atəşi açdı və biz dərhal sərt bir hərbi cavab verdik", deyib. Açıqlamada Cənubi Koreyanın Şimali Koreyanın dəniz sərhədini "0,001 millimetr" belə pozması halında Cənubi Koreyaya mərhəmətsiz hərbi hücumların başlayacağı" xəbərdarlığı edilib. "KCNA"nın xəbərində qarşılıqlı atəş nəticəsində Şimali Koreyaya nə qədər ziyan vurması ilə bağlı məlumat verilməyib.

 

Hadisədən dərhal sonra Cənubi Koreyanın prezident igamətgahı "Mavi köşk"də Milli Təhlükəsizlik Təşkilatının toplantısı keçirilib. Cənubi Koreyanın "YTN" kanalına görə, Cənubi Koreya parlamenti bugünkü iclasını təxirə salıb. Toplantıya gəlməmişdən əvvəl ölkə prezidenti Li Men Bak "hücumlara təcili olaraq yekun vurulmasını gözləyirik" deyib. Cənubi Koreya iki ölkənin Qızıl Xaç Cəmiyyəti səlahiyyətlilərinin 3 gün sonra planlaşdırdığı görüşü qeyri-müəyyən vaxta kimi təxirə salındığını bildirib. Cənubi Koreyanın Mərkəzi Bankı da təcili olaraq toplanmağa qərar verib. Bank hadisənin bazara ola biləcək təsirlərini qiymətləndirəcək. Bank səlahiyyətlilərindən biri toplantıda faiz nisbətlərinin nəzərdən keçirilməyəcəyini də ifadə edib.

 

Avropa Birliyi (AB) Cənubi Koreyaya top atəşi açaraq 2 əsgərin ölümünə və xeyli sayda insanın yaralanmasına səbəb olan Şimali Koreyanı qınayıb. AB-nin xarici işlər üzrə yüksək nümayəndəsi Ketrine Eyşton Koreya yarımadasındakı prosesləri narahatlıqla izlədiklərini ifadə edərək Şimali Koreyanı vəziyyəti daha da gərginləşdirəcək hər cür hərəkətdən qaçmağa çağırıb. Eyşton yazılı açıqlamasında Koreya yarımadasında sülh və sabitliyin bölgə və dünya üçün lazımlı olduğunu vurğulayıb.

 

Hadisəyə ABŞ da münasibətini bildirib. Ağ Evdən verilən açıqlamada ABŞ-ın "Cənubi Koreyanı, regional sülhü və sabitliyi qorumağa qərarlı olduğu" bildirilib. Cənubi Koreya ilə yaxın və davamlı olaraq əlaqə yaradıldığı qeyd olunan açıqlamada hücum pislənilir və Şimali Koreyadan "bu təcavüzkar" hərəkətə son verilməsi istənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə