İsraili qorxudan gizli razılaşma iddiası

İsraili qorxudan gizli razılaşma iddiası

"Mossad"a yaxınlığı ilə tanınan İsrailin xəbər saytı "Debka" NATO-nun raketdən müdafiə sistemi razılaşmasındakı gizli maddələrdə Türkiyədə yerləşdirilməsi nəzərdə tutulan sistemə komandanlığın Ankaraya verildiyini iddia edib. SİA-nın məlumatına görə, "Debka" həmçinin yazır ki, ABŞ prezidenti Barak Obama raketdən müdafiə sistemi razılaşmasında İran və Suriyanın təhlükə olaraq göstərilməməsi ilə bağlı Türkiyənin tələbinə boyun əyərək İsrailə verdiyi təhlükəsizlik zəmanətlərinin dəyərini də aşağı salıb.

 

Sayt yazır ki, bu eyni zamanda raketdən müdafiə sisteminin qurulma məqsədini də inkar edən bir vəziyyət yaradıb. Raketdən müdafiə sistemi ilk olaraq İran və Suriyanın ballistik raketlərini Avropa və ABŞ-a çatmadan müəyyən edilərək məhv edilməsi üçün nəzərdə tutulduğu deyilirdi: "İlk dəfə NATO-nun Avropadakı bütün torpaqları və əhalisi ilə yanaşı ABŞ-ı da qoruyacaq bir müdafiə sisteminin yaradılmasında razılıq əldə olunub. Ancaq ABŞ prezidenti müdafiə sisteminin kimə və ya nəyə qarşı yaradılacağını ifadə etməyib. Bir sözlə, ABŞ və NATO-nun Türkiyəyə nə dərəcədə təslim olduğu da gizlədilib".

 

Yazıda qeyd olunub ki, türk siyasətçilər İranın radikal liderlərinə yaxınlığı ilə seçilir və Suriya ilə Livan torpaqlarında çoxlu sayda İran raketinin yerləşdirilməsindən narahat deyil: "İran, Suriya və ya Hizbullahın yaratdığı raket təhlükəsini NATO raketdən müdafiə sisteminin başında olan bir türk generalı ilə Barak Obama və ya NATO-nun baş katibi Anders Foq Rasmussenin eyni şəkildə qiymətləndirməsi gözlənilə bilməz. Bir sözlə, NATO-nun raketdən müdafiə sistemi fiziki və texniki olaraq Türkiyədə yerləşdirilə bilər. Ancaq bir türk generalın əmri altında olan sistemin NATO ölkələrinin qarşısındakı ən ciddi təhlükələri qarşılayacaq funksional sistem olaraq istifadəsi sıfırdır".

 

Qeyd edək ki, NATO-nun Lissabon zirvə toplantısında uzun müddətdir ki, müzakirə olunan "Strateji anlayış" ilə bağlı anlaşma əldə olunub. "Strateji anlayış" Türkiyənin 4 şərti nəzərə alınaraq təsdiq edilib. Sənəddə heç bir ölkə təklükə olaraq göstərilməyib, raketdən müdafiə sistemi hərbi bloku bütünlüklə əhatə edib. Həmçinin NATO-Avropa Birliyi əməkdaşlığında Türkiyənin tam iştirakı təmin edilib.

 

Təşkilatın fəaliyyətinin yaxın 10 ilini istiqamətləndirəcək yeni "Strateji anlayış"ı aralarında Türkiyənin də olduğu 28 üzv ölkə təsdiqləyib. "Soyuq müharibə"dən sonra 3-cü dəfə dəyişən strategiya sənədində raketdən müdafiə sistemi təsdiqini tapsa da, layihənin texniki detalları burada yer almayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə