Liviyada seçki komissiyasına hücum olub, 16 nəfər ölüb

Liviyada seçki komissiyasına hücum olub, 16 nəfər ölüb

Tripoli şəhərində Liviyanın Milli Seçki Komissiyasının mənzil-qərargahına hücum nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb, 19 nəfər isə xəsarət alıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Hücum mayın 2-də səhər saatlarında seçicilərin qeydə alınması zamanı aralarında iki terrorçu-kamikadzenin də olduğu silahlı qrup tərəfindən həyata keçirilib. Binanın daxilində partladıcı qurğu işə salınıb. Bundan başqa, bina bayırdan yandırılıb. Təhlükəsizlik qüvvələri ilə hücum edənlər arasında atışma olub.

Hazırda seçki komissiyasının binası silahlılardan azad edilib. Hadisə yerində yanğınsöndürənlər və polis fəaliyyət göstərir. İkimərtəbəli binanın tamamilə yandığı bildirilir.

Qeyd edək ki, Liviyada bu ilin sonunda keçirilməsi nəzərdə tutulan prezident seçkilərinə hazırlıq başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə