Fərqli bir Obamanı izləməyə hazır olun!

Fərqli bir Obamanı izləməyə hazır olun!

2008-ci ildə prezident seçkisi ilə yanaşı Senatdakı çoxluğu itirən respublikaçılar bu il seçkilərə yaxşı hazırlaşmışdı. Demokratlar isə rahat görünürdü. Seçkilərin nəticəsindən pərt olan prezident Barak Obama prosesi tərsinə çevirə bilər. Amma necə? SİA-nın məlumatına görə, bu haqda ölkənin "Vaşinqton Post" qəzeti yazıb.

 

"Prezident Obamanın "xalqın seçiminə hörmət" vurğulu nitqindəki üslub iki il əvvəlki qələbə nitqindən fərqli deyildi" deyilən yazıda bildirilir ki, keçmiş prezident Bill Klinton hökumətinin 8 illik dövründə ölkənin dünyadakı etibarı zirvəyə qalxmış və ölkə daxilində yüksələn iqtisadi rifahla büdcə tarixin zirvəsinə yüksəlmişdi: "Bundan sonra 11 Sentyabr hadisələri ilə bağlı görülən təhlükəsizlik tədbirləri, İraq müharibəsi, səhv iqtisadi siyasəti ilə ölkəni sıfır nöqtəsinə çəkən Corc Buş hökumətini günahlandırmaq üçün Obamanın əlindəki arqumentlər əslində çox güclü idi. Lakin o, öz xalqının seçdiyi keçmiş dövlət başçısını günahlandıraraq dolayısı olaraq xalqı məsul tutmaq əvəzinə yalnız 2 illik öz iqtidarını məsul taparaq problemi başlanğıc nöqtədən həll etməyə başlayacağı siqnalını verdi".

 

Obamanın demokratları aralıq seçkilərdə Konqresdə əksəriyyəti itirdi, cüzi olsa da Senatda üstünlüyünü saxlaya bildi. Demokratlara baha başa gələn seçkilərin nə kimi təsirlərinin olacağını yaxşı şərh edə bilmək üçün, ABŞ seçki sistemi haqqında məlumat sahibi olmaq lazımdır.

 

Prezident seçkisi ən məşhur olmaqla 4 ildə bir keçirilir. Prezident ən çox 2 dəfə seçilir. 435 millət vəkilinin hamısını dəyişdirən Konqresə seçkilər hər iki ildən bir keçirilir. Hər ştatdan 2-i olmaqla cəmi 100 üzvlü Senatı formalaşdıran senator seçkiləri bir az fərqlidir. 50 ştat üç qrupa ayrılıb. Hər qrup üçün 6 ildən bir seçki keçirilir. Ancaq üç fərqli qrup olduğu üçün senator seçkiləri də hər 2 ildən bir Konqres seçkiləri ilə birlikdə ABŞ-ın gündəminə gəlir.

 

Sistemdən də aydın olduğu kimi, millət vəkilliyinə seçkilərində bir partiyanın iki illik üstünlüyü ABŞ siyasətinə dərindən təsir edə bilməz, çünki növbəti iki ildə tarazlıq tamamilə dəyişə bilər. Bundan da əlavə Konqresdən keçən hər qanunun əvvəl Senat, sonra da prezident tərəfindən təsdiqlənməsi lazımdır. ABŞ siyasətini müəyyən edən əsas qurum olan Senat dövlət yaddaşını təmsil edir. Millət vəkilləri hər iki ildən bir seçilmə imkanını nəzərə alaraq təmsil etdiyi seçiciləri məmnun edəcək siyasət apardığı halda, Senat dövlətin davamlılığını əsas götürür və 2 ildən bir yalnız üçdə biri yeniləndiyi üçün təcrübə və təcrübələr sonrakı qrupa təhvil verilir.

 

ABŞ-ın seçki tarixinə baxıldığıda bu gerçək görünür: Hər prezident seçkisindən sonra prezident seçkisini qazanan partiya bir sonrakı Konqres seçkisini uduzur. Bu seçkidə də Obamanın partiyası uduzdu, ancaq bu uğursuzluq əvvəlkilərdən tamamilə fərlidir. Son seçkiyə qədər demokratlar çoxluq təşkil etdiyi üçün Konqresin rəhbəri Nensi Pelosiyə ayrı bir paraqraf ayırmaq lazımdır. Nəinki respublikaçılar, demokratlar belə Pelosinin artıq bu kresloda oturmayacağından çox məmnundurlar. Pelosi Konqresdə son iki ildə Türkiyə əleyhinə olan bütün proseslərdə baş rolda oynayıb.

 

Obama seçkilərdə niyə uğursuzluğa uğradı? Obama və hökumətini bu seçkilərdə uğursuzluğa məhkum edən iki böyük faktor var. Birincisi, yuxarıda bəhs edilən seçici meylləridir. Obama seçicisini məmnun edəcək sehrli dəyənəyini hərəkətə gətirə bilmədi. İqtisadi böhran, işsizlik, İraq və Əfqanıstan müharibələri ilə bataqlığa girən ölkəsini xilas etməyə çalışsa da, bunu onsuz da edə bilməzdi. İkincisi, Obamanın qurd kimi siyasətçilər, qartal kimi əsgərlər və tülkü kimi diplomatlar qarşısında şansı nə ola bilərdi ki?

 

Amerikan tarixinin ən gənc prezidentlərindən biri tarixin ən böyük böhranlardan biri ilə üz-üzə gəldi. Xarici siyasət, İraq və Əfqanıstan müharibələri mövzusunda mövcud diplomat və hərbçilərdən gözlədiyi dəstəyi görə bilmədi. Onları tanımaq və planlarını həyata keçirmək üçün öz heyətini qurmaq isə çox zaman aparacaqdı. Kiçilən iqtisadiyyatla gələn işsizlik Obamanın günahı deyildi, amma dövlət başçısı olaraq buna görə məsuliyyət daşıyırdı. Hələ də milyonlarla ev sahibi küçədə qalmaq təhlükəsi ilə yaşayır. Obama insanların evlərinin əlindən alınmaması üçün banklara kredit axıdır, amma bu pulun necə istifadə edildiyini izləmək çox çətindir.

 

Obama hər şeyə baxmayaraq 2008-ci ildəki seçki küləyini arxada qoyaraq Bill Klintonun belə həyata keçirə bilmədiyi səhiyyə islahatını bir göz qırpımında qanun halına saldı. Respublikaçıları hərəkətə gətirən də elə bu oldu. Obamanın gücü və xalqın dəstəyi onları çox qorxutdu. Kobud səhiyyə qaydalarını dəyişdirmək kimi çətin bir missiyanı üzərinə götürən səhiyyə islahatının hələ dəqiq olmayan tərəfləri var. Respublikaçılar bu naməlumluqlarla yanaşı işsizlikdən də çox yaxşı istifadə edərək Obamanı müvəffəqiyyətsizliyə duçar etdi. 8 illik Corş Buş dövrünün bütün cəriməsini Obamaya yükləyib az qala Guantanamo işgəncələri üçün belə ondan hesabat istəməyə çalışdılar.

 

Ağ Ev, Senat və Konqresin üçünə də eyni vaxtda nəzarət edən tək partiya iqtidarı ABŞ tarixində nadir hallarda görülüb. 2008-ci il prezident seçkisində Demokrat Partiyası bu nadir imkanı əldə etməklə yanaşı, ilk dəfə partiya bir zəncini Ağ Evə daşımışdı. Bu seçki ilə respublikaçılar nadir hallardan birini əldə etmiş oldular. Bir qələbə kimi görünsə də 2010-cu ilin aralıq seçkiləri respublikaçıların Obamanı "topal ördək" etməsi üçün kifayət etməyib. İndi qarşımızda 2012-ci ili prezident seçkisi üçün prezidentliyin ilk iki ilində təcrübə qazanan, bərkləşmiş bir Obama var. Konqresdəki üstünlüyü itirsə də Senat kimi güclü bir qurumu hələ də idarə edə bilən, iqtisadiyyat, müdafiə və xarici siyasətdə öz heyətini qurmağı tamamlayan bir Obama hökumətinə matçın ikinci yarısında azarkeşlik etmək çox kefli ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə