SSRİ-nin son dövlət başçısı Mixail Qorbaçov: “Qələbə mümkün deyil”

SSRİ-nin son dövlət başçısı Mixail Qorbaçov: “Qələbə mümkün deyil”

Keçmiş SSRİ-nin son dövlət başçısı Mixail Qorbaçov Əfqanıstan müharibəsində əməkdaşlıq etməklə bağlı razılığa gələn ABŞ və Rusiyaya mesaj göndərib. SİA-nın məlumatına görə, o, "BBC"yə verdiyi açıqlamasında Əfqanıstanda Talibana qarşı aparılacaq hərbi əməliyyatlarda ABŞ-Rusiya əməkdaşlığının fayda verməyəcəyini bildirib.

 

Keçmiş dövlət başçısının fikrincə, Əfqanıstanda qələbə qazanmaq qeyri-mümkündür. ABŞ üçün düşdüyü Əfqanıstan bataqlığından çıxmağın getdikcə çətinləşəcəyini ifadə edən Qorbaçov "Alternativ həll variantı nədir? Başqa bir Viyetnammı, yarım milyon əsgər göndərməkmi? Bu da fayda verməyəcəkdi" sözlərini deyib.

 

Qeyd edək ki, M.Qorbaçov 1985-ci ilin mart ayından 1991-ci ilin avqustunadək imperiyaya rəhbərlik edib. 1989-cu ildə Əfqanıstanda müharibənin dayandırılması və qoşunların çıxarılması ilə bağlı göstəriş verib. Görünür, Əfqanıstanda qələbə qazanmağın mümkün olmadığı fikri onda elə o vaxtdan formalaşıb. M.Qorbaçov 1990-ci ilin 15 oktyabrında "Bugünkü Beynəlxalq vəziyyətin əsas hissəsini xarakterizə edən Sülh prosesindəki aparıcı roluna görə" Nobel Mükafatına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə