Güclü külək Gürcüstanda ciddi fəsadlar törədib

Hava şəraitinin kəskin dəyişməsi, güclü küləklə müşayiət olunan yağış Gürcüstanda, xüsusən də paytaxt Tbilisidə ciddi fəsadlar törədib. “Report”un Gürcüstan bürosu xəbər verir ki, güclü külək nəticəsində Tbilisi şəhərində bir neçə ağac aşıb, avtomobillərə və infrastruktura ciddi ziyan dəyib, bəzi rayonlarda elektrik naqilləri qırılıb, yollarda hərəkətin təhlükəsizliyi pozulub.

Güclü külək Şota Rustaveli adına Tbilisi Beynəlxalq aeroportunda da problemlər yaradıb. Aeroportun uçuş və enmə zolaqlarında hərəkətin təhlükəsizliyini təmin etmək mümkün olmadığı üçün bir neçə reys təxirə salınıb.

Ölkənin müvafiq dövlət strukturları, metereoloqlar, Tbilisi şəhər meriyası əhaliyə müraciət edib. Müraciətlərdə əhalidən zərurət yaranmadığı halda, evdən çıxmamaq, yaranmış qəzaların nəticələrini özbaşına aradan qaldırmağa cəhd göstərməmək, ağaclardan, yüngül konstruksiyalı tikililərdən uzaq durmaq tövsiyə olunub.

Poti və Kulevi limanlarında, Batuminin Qara dəniz sahillərində əhalidən xüsusilə diqqətli olmaları tələb olunub. Bu ərazilərdə 6 ballıq qasırğa olacağı barədə xəbərdarlıq edilib.

Gürcüstandan Rusiyaya gedən və hərbi yol kimi tanınan Yuxarı Lars yolu günün ikinci yarlısında bağlanıb. Həmin ərazilərə yağan güclü yağış və qar nəticəsində uçqunlar yaranıb. Əlverişsiz hava şəraitinin martın 10-da da davam edəcəyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə