İranın gizli hərbi hissəsində baş verən partlayışda Mossad izi

İranın gizli hərbi hissəsində baş verən partlayışda Mossad izi

İran İnqilab Keşikçiləri Korpusuna aid raketlərin saxlanıldığı gizli bir hərbi bazada 12 oktyabr tarixində baş verən üç partlayışın səbəbləri hələ də müəmmalı olaraq qalır. Hadisə ilə bağlı müxtəlif versiyalar irəli sürülür.

İranın qərbində yerləşən Lorestan əyalətinin Hürrəmabad şəhəri yaxınlarındakı İmam Əli hərbi bazasının yeraltı hissəsində "Şahab-3" raketləri saxlanılır. Zaqros dağlarının altından keçən tunellərdə yerləşdirilən bu raketlər atılmazdan əvvəl ən həssas mərhələ olan yanacaq yükləmə müddətində baş verə biləcək bir hava hücumu ehtimalına görə burada mühafizə olunur. Dağ relyefi, nəqliyyat çətinliyi və İranın qərb sərhədinə yaxın olması İmam Əli hərbi bazasını ideal bir baza halına gətirir. Bu baza strateji ballistik silahlara məsul olan Vahid Ə-Hədidin nəzarəti altındadır. SİA-nın "Le Figaro" qəzetinə istinadən verdiyi məlumata görə, gizli baza "AAA" batareyaları və "SAM" raketləri ilə qorunur. Ancaq hərbi baza eyni zamanda İsraildən, ya da ABŞ-ın İraqda yerləşdirdiyi hərbi hissələrdən atılacaq uzun mənzilli raketlərin hədəfindədir. Ekspertlər "Şahab-3" raketlərinin birdən çox döyüş başlığı daşıya biləcək şəkildə istehsal olunduğunu, bunun isə birdən çox nöqtəni hədəf alan və nüvə döyüş başlığı daşıyan raketlərə xas olan xüsusiyyət olduğunu bildirirlər.

 

İranın "Menapress" xəbər agenliyi ətrafda yaşayan kəndlərdə silsilə şəkildə partlayış səslərinin eşidildiyi və bunun İsrailin təşkil etdiyi bir hava hücumu olduğundan şübhələndiyini xəbər verib. İranlı səlahiyyətlilər isə bunun İmam Əli bazasına təşkil edilən gizli bir əməliyyat olduğunu rədd edərək partlayışın yaxınlıqdakı bir silah-sursat zibilliyində əmələ gələn yanğından qaynaqlandığını açıqlayıblar. Rəsmi mənbələrə görə 18 adam ölüb, 10-u isə yaralanıb. Ancaq bu rəqəmlərin daha yüksək olduğu ifadə olunur.

 

Bir sıra ekspertlər İsrail kəşfiyyatı olan Mossadın partlayışda iştirakı ehtimalının olduğunu dilə gətiriblər. Ekspertlərin bir qismi də hava hücumu ehtimalından danışır. Ancaq İsrail və İran arasında pərdə arxasında həyata keçirilən müharibənin daha əvvəlki mərhələlərində olduğu barədə rəsmi açıqlama yoxdur. Səbəbi nə olursa olsun, İranın ən gizli və ən yaxşı qorunan bazalarından birində baş verən son partlayışlar Tehrana vurulan böyük bir zərbədir.

Bütün xəbərlər Facebook səhifəmizdə