Rusiya baş naziri sabah Ukrayna “Naftoqaz”ın "ovu"na çıxacaq

Rusiya baş naziri sabah Ukrayna “Naftoqaz”ın "ovu"na çıxacaq

Ukraynanın moskvapərəst yeni prezidenti Viktor Yanukoviçlə müqavilə imzalayaraq Qara dənizdə 2042-ci ilə kimi qalacağını təmin edən Rusiya Sevastopol şəhərində olan Qara dəniz donanmasını gücləndirmək qərarına gəlib. SİA-nın "Ria-Novosti" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya 2011-2020-ci illəri əhatə edən hərbi modernləşdirmə proqramı çərçivəsində 18 yeni döyüş gəmisi ilə gücünü artıracaq.

 

Xəbərə görə, Rusiya baş naziri Vladimir Putin Kiyevdən razılıq almaq üçün sabah geniş bir heyətlə Ukraynaya gedəcək. İki ölkə nüvə stansiyasının inşası və döyüş təyyarələrini istehsal edəcək birgə şirkətin qurulması ilə əlaqədar razılaşmalar imzalayacaq. Putinin gündəmində "Qazprom"un Ukrayna enerji şirkəti "Naftoqaz"la birləşməsi məsələsi də var. "Naftoqaz"ın Rusiyanın idarəsinə keçəcəyindən narahat olan Kiyev isə birləşmə əvəzinə şirkətlərin əməkdaşlığına üstünlük verir. İki şirkətin birləşməsi ilə əlaqədar təklif Putin tərəfindən hələ aprel ayında səsləndirılmişdi.

 

"Qazprom" birləşməyin reallaşacağı halda Ukraynaya verilən min kubmetr təbii qaz qiymətini 60 dollara qədər aşağı salacağı sözünü verir. Hal-hazırda "Naftoqaz" yerli bazara 92-374 dollar arasında dəyişən qiymətlərlə qaz satır. Qeyd edək ki, Ukraynada Qərb tərəfdarı Viktor Yuşçenkonun seçkilərdə uduzmasından sonra prezident seçilən V.Yanukoviç təbii qaz qiymətlərinin 30 faiz endirilməsi qarşılığında Sevastopolda yerləşən Rusiya hərbi bazasının qalma müddətinin 2042-ci ilə kimi uzadılmasına razılıq vermişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə