ABŞ-da neft quyularının sayı artıb

ABŞ-da neft quyularının sayı artıb

ABŞ-dakı aktiv neft quyularının sayı kəskin artıb.

SİA “Baker Hughes” şirkətinə istinadla xəbər verir ki, ABŞ-dakı aktiv neft-qaz quyularının sayı ötən həftə 29 ədəd artaraq ümumilikdə 975 ədəd təşkil edib. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv neft-qaz quyularının sayı 234 ədəd çoxalıb.

Ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft quyularının sayı isə 26 ədəd artaraq 791 ədəd olub. Bu, son 1 ildə ən sürətli həftəlik artımdır. Neft quyularının sayı 2015-ci ilin aprelindən indiyədək maksimum səviyyəyə çatıb. Beləliklə də ölkədəki aktiv neft quyularının sayı ardıcıl 3 həftə artmağa başlayıb. Ötən ilin eyni dövrü ilə müqayisədə ABŞ-dakı neft quyularının sayı 200 ədəd artıb.

Bundan əlavə, son 1 ildə ABŞ-dakı neft quyularının ümumi sayı 34 faiz çoxalıb.

Keçən həftə ölkədəki aktiv qaz quyularının sayı 3 ədəd artaraq 184 ədəd olub. Keçən ilin müvafiq dövrünə nisbətən ölkədəki qaz quyularının sayı 35 ədəd artım göstərib.

Qeyd edək ki, ABŞ-da aktiv neft quyularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatmışdı. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft quyularının sayı ötən ilin may ayında isə minimuma – 316-ya geriləmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə