Balkanların siyasi xəritəsinin müharibə ilə müəyyən olunmasından 10 il sonra bölgədə radikal İslamın artan təsiri ilə əlaqədar narahatlıq çoxalır. Səudiyyə Ərəbistanı, körfəz ölkələri və vəhabi missionerləri bölgə ölkələrinə böyük miqdarda vəsait sərf edirlər. SİA-nın "NPR" radio kanalının saytına istinadən verdiyi məlumata görə, pulun hədəfində isə kasıblıq və işsizlik bataqlığından xilas olmaqda çətinlik çəkən gənc əhali var.
Bosniya və Hersoqovinanın paytaxtı Sarayevonın fəhlələrin yaşadığı bir məhəlləsində olan Kral Fəhd məscidi nəhəng ölçüləri ilə diqqət çəkir. Bosniya müharibəsindən sonra Səudiyyə Ərəbistanının Orta Şərq üslubuna uyğun olaraq tikdiyi məscid 30 milyon dollara başa gəlib və məscidin sahəsi təxminən 820 kvadratmetrdir. Bosniyada hal-hazırda Səudiyyə Ərəbistanının nüfuz dairəsində olan çoxlu sayda xeyriyyə təşkilatı var və bu təşkilatlar islamın həddindən artıq mühafizəkar hissəsi üçün 150-yə yaxın məscid tikib. ABŞ-da 2001-ci il 11 Sentyabr tarixində baş verən hücumlardan sonra isə rəsmi Sarayevo 14 xeyriyyə təşkilatının fəaliyyətini dayandırıb.
Bu gün Sarayevonun tarixi Baskarsiya məhəlləsində gündə beş dəfə azan səsi eşidilməklə yanaşı, açıq şəkildə içki içilən kafelər və restoranlar, çox az sayda qadının başının örtülü olması diqqət çəkir. Ancaq Qərb kəşfiyyatı iqtisadi və ictimai qeyri-sabitliyin radikallığın artmasına səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edir. Kommunizm sonrası keçid dövrü və qlobal iqtisadi böhranın çətinliklərini yaşayan Balkanlarda belə bir qorxu əsas müzakirə mövzusudur. İşsizliyin 45 faizə çatdığı Kosova təhlükənin ən çox olduğu ölkələrdən biridir.
Müstəqil media qrupu "Koha Media"nın sahibi Flaka Surroi "son 10 ildə Səudiyyə Ərəbistanına aid pulun ciddi mənada ölkəyə daxil olmasına şahid olduq" deyib: "Məscidləri tikdilər, eyni zamanda öz yaxınlarını və ideologiyalarını da gətirdilər. Cəmiyyətdəki ən kasıb insanları müəyyən etdilər. Hər ay mütəmadi olaraq maaş verməyi təklif etdilər". Kosovanın paytaxtı Priştinada olan Həsən Bəy Məscidi də Səudiyyə Ərəbistanın pulu ilə tikilib. Cümə namazlarında əksəriyyəti gənclərdən ibarət olan saqqallı kişilər və hicablı qadınlar məscidi doldurur. Kosovada din ənənəvi olaraq əhəmiyyətli bir ictimai varlıq deyildi. Ancaq iqtisadiyyatın pis vəziyyəti, artan kasıblıq bir çox gənc insanı yönəltmək üçün kifayət edir.
Kosovada yeni qurulan və sui-istifadələrə qarşı mübarizəni hədəfləyən siyasi partiyanın qurucularından biri İlir Deda "radikal islam Kosova üçün orta və uzunmüddətli, eyni zamanda ən böyük təhlükələrdən biridir. Çünki, cəmiyyətimizin quruluşunu dəyişdirməyi qarşılarına məqsəd qoyublar" söyləyib. O, ötən 10 il ərzində Orta Şərqin xeyriyyə fondlarının Kosovada 800 milyon dollar investisiya qoyduğunu qeyd edib və bildirib ki, ölkənin inkişafı üçün bu əlaqələr kəsilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB