KXDR “Hvason-15” ballistik raketini nümayiş etdirib

KXDR “Hvason-15” ballistik raketini nümayiş etdirib

KXDR fevralın 8-də Pxenyanda keçirilən hərbi paradda yeni növ “Hvason-15” qitələrarası ballistik raketini nümayiş etdirib. Kim İr Sen adına mərkəzi meydanda keçirilən parad Şimali Koreyanın mərkəzi televiziyası ilə canlı yayımlanıb. TASS informasiya agentliyi xəbər verir ki, tədbirdə iştirak edən KXDR lideri Kin Çen In öz çıxışında nüvə-raket proqramının gələcək inkişafından danışıb.

Yaponiya KİV-lərinin məlumatına əsasən, paradda azı 13 min hərbçi iştirak edib. Tədbirdə, həmçinin “Hvason-15” raketi ilə birgə 4 atış qurğusu və bu tipdən olan ballistik raketin əvvəlki modifikasiyası – “Hvason-14” nümayiş olunub. Lakin sualtı qayıqlar üçün nəzərdə tutulan “Pukkıkson-3” (“Qütb ulduzu-3”) yeni ballistik raketi parada çıxarılmayıb.

Şimali Koreyanın hərbi paradı Pxençanda Qış Olimpiya Oyunlarının açılışından bir gün öncəyə təsadüf edib. Əvvəlki illərdən fərqli olaraq, tədbirə xarici jurnalistlər dəvət edilməyib. Olimpiada ərəfəsində hərbi güc nümayişinə görə beynəlxalq tənqidlərə məruz qalan rəsmi Pxenyan bunun sırf daxili məsələ olduğunu bildirib.

Bundan əvvəl 40 il ərzində Pxenyanda hərbi parad aprelin 25-də - dövlətin banisi Kim İr Senin 1932-ci ildə ilk partizan dəstəsini yaratmasının ildönümündə keçirilirdi. Odur ki, analitiklər paradın qabağa çəkilərək Olimpiya oyunları ərəfəsində təşkil olunmasını siyasi motivlərlə əlaqələndirirlər.

Xatırladaq ki, Koreya yarımadasında vəziyyət KXDR-in raket-nüvə proqramının son zamanlar aktivləşməsi səbəbindən ciddi surətdə gərginləşib. Belə ki, ötən sentyabrın 3-də Pxenyan hidrogen döyüş başlığının uğurlu sınağı barədə bəyanat yayıb. BMT Təhlükəsizlik Şurası bu səbəbdən Şimali Koreyaya qarşı beynəlxalq sanksiyaları kəskin şəkildə sərtləşdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə