Əfqanıstanda 164 general pensiyaya göndərildi

Əfqanıstanda 164 general pensiyaya göndərildi

Əfqanıstan Prezidenti Əşrəf Qani paytaxtda terror hücumlarının artması ilə əlaqədar ikisi general olmaqla 7 yüksək vəzifəli məmuru istefaya, 164 generalı isə pensiyaya göndərib. Anadolu informasiya agentliyi xəbər verir ki, bunu prezidentin mətbuat katibi Şah Hüseyn Murtazavi bildirib. Onun sözlərinə görə, istefaya göndərilən məmurlar və vəzifəsini layiqincə icra etməyən hər kəs məhkəmə qarşısına çıxarılacaq.

Bundan əlavə, paytaxt Kabildə hücumların qarşısının alınması məqsədi ilə Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Kəşfiyyat İdarəsi yeni təhlükəsizlik planı hazırlayıb. Yeni plana əsasən, əhalisi 5 milyon nəfəri ötən şəhərə aparan bütün yollar güclü nəzarət altına alınacaq. Əfqanıstan Daxili İşlər Nazirliyinin məlumatına əsasən, ötən ay ölkə ərazisində baş verən 22 terror aktının 5-i Kabildə həyata keçirilib.

Xatırladaq ki, təxminən iki həftə bundan əvvəl Kabildə törədilən partlayış nəticəsində 103 nəfər həlak olmuş, 250-dən çox insan isə müxtəlif dərəcəli xəsarətlər almışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə