İraq neft ixracını artırır

İraq neft ixracını artırır. “Bloomberg” xəbər verir ki, yanvar ayında İraqın cənubundakı Bəsrə bölgəsindən rekord həcmdə - gündəlik 3,55 milyon barrel neft göndərilib. Bu, Bağdad administrasiyasının OPEC sazişinə sadiq qalma ehtimalını azaldır.

Bununla yanaşı, yaxın vaxtlarda İraqın neft istehsalının gündəlik 5 milyon barrelə çatacağı da bildirilir.

Qeyd edək ki, İraq OPEC-in ikinci ən böyük neft istehsalçısıdır. 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb.

2017-ci il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunmuşdu. Ötən ilin noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində OPEC-ə üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub. Azərbaycan OPEC+ sazişi üzrə öhdəliyini ötən il tam yerinə yetirib.

Bütün xəbərlər Facebook səhifəmizdə