225 il sonra dənizə təkrar çıxış əldə etdi

225 il sonra dənizə təkrar çıxış əldə etdi

Dənizə çıxışı olmayan Boliviya 225 il sonra buna nail olub. SİA-nın "Guardian" qəzetinə istinadən verdiyi məlumata görə, Peru ilə əldə olunan razılaşmaya görə, Boliviya 99 illiyə Sakit okean sahilindəki kiçik bir ərazidən istifadə edəcək.

 

XIX əsrdə Çili ilə apardığı müharibə nəticəsində dəniz sahilində olan bütün torpaqlarını itirən Boliviya 225 il sonra yenidən dəniz sahili olan bir ölkə olacaq. Müqavilə Peru prezidenti Alan Qarsiya və Boliviya prezidenti Evo Morales arasında imzalanıb. Razılaşmaya görə, Boliviya Perunun cənubundakı İlo limanının 15 kilometrliyində 3,58 kvadrat kilometrlik ərazidə liman inşa edərək buranı sərbəst ticarət bölgəsi elan edə biləcək.

 

Qarsiya tarixi razılaşmanın imzalanmasından sonrakı çıxışında "Boliviyanın heç bir dənizə çıxışının olmaması ədalətli deyil. Bura artıq eyni zamanda bir Boliviya dənizidir" ifadəsini işlədib. Boliviya prezidenti isə "əgər evlənsəm bal ayını bu sahildə tikiləcək bir istirahət mərkəzində keçirəcəyəm" söyləyib. Boliviyanın dənizə çıxış xəyallarını gerçəyə çevirən bu hadisə bir vaxt münasibətləri heç də yaxşı olmayan iki ölkə liderinin də yaxınlaşmasını təmin edib.

 

Qeyd edək ki, 1879-1884-cü illərdəki müharibədə Çili Peru və Boliviyaya məxsus olan və zəngin təbii ehtiyatlara sahib olan torpaqları ələ keçirmişdi. Bu müharibə nəticəsində Boliviya tamamilə bir quru ölkəsinə çevrilmişdi. Bolivya uzun müddətdir ki, Çilidən Sakit okeanına çıxış üçün koridor istəyirdi. Ancaq Çili bu təklifi rədd edirdi. Boliviya və Perunun bu razılaşma ilə 1879-84-cü illərdə onların torpaqlarını işğal edən qonşuları Çiliyə diplomatik bir mesaj verdikləri bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə