Medvedevdən sensasiyalı açıqlama: “NATO Rusiyaya qarşı təcavüzkar bir mövqeyə sahib deyil” - MÖVQE

Medvedevdən sensasiyalı açıqlama: “NATO Rusiyaya qarşı təcavüzkar bir mövqeyə sahib deyil” - MÖVQE

Rusiya prezidenti Dmitri Medvedev NATO haqqında fikirlərində korrektələr etdiyini açıqlayıb. Dövlət başçısı Şimali Atlantika Blokunun ölkəsinə qarşı düşmən və təcavüzkar niyyətdə olması barədə bundan əvvəl deyilənlərin səhv olduğunu söyləyib. SİA-nın verdiyi məlumata görə, Moskvada ilk dəfə təşkil edilən 46-cı Münhen Təhlükəsizlik Konfransında diqqətçəkən açıqlamalar verən Rusiya prezidenti "NATO Rusiyada təcavüzkar bir qurum hesab edilir, lakin bu, bir çox baxımdan səhvdir", - deyib.

 

Rusiya və NATO arasında əlaqələrin hər vaxt çətin olduğunu xatırladan Medvedev bildirib ki, Qərb dünyasının əhəmiyyətli bir hissəsi də Rusiyada demokratiyanın olmadığını və idarəçilərin avtoritar olduğunu düşünür.

Qeyd edək ki, Moskva ətrafındakı "Qorki" dövlət iqamətgahında Münhen Təhlükəsizlik Konfransının üzvləri bir araya gəlib. Rusiya, ABŞ, Almaniya və digər Avropa ölkələrindən elm adamları, hərbi ekspertlər və digər iştirakçılar Rusiya prezidentinin təklifi olan "Panavropa təhlükəsizlik müqaviləsi"ni müzakirə ediblər. Toplantıda çıxış edən D.Medvedev Avropanın təhlükəsizliyinin dar çərçivədə müzakirə edilməməsinin lazım olduğunu, təhlükəsizliyin hər kəs üçün bütöv olaraq qiymətləndirilməsinin məcburi olduğunu söyləyib. Rusiya dövlət başçısı bildirib ki, bir ölkənin digər bir ölkəyə qarşı, bir blokun digər bloka ya da digər bir ölkəyə qarşı öz təhlükəsizliyini təmin etməsi mümkün deyil: "Dünya artıq bir-birinə daha yaxın və daha qlobaldır. Belə bir səhv edə bilməzsiniz". Dünyanın sürətlə dəyişdiyini və insanların dünyagörüşlərinin də dəyişdiyini diqqətə çatdıran Medvedev "Münhen Təhlükəsizlik Konfransı 1962-ci ildə yalnız NATO ölkələrində təhlükəsizliyin təmin edilməsi üçün işə başladı. İndi isə təşkilat təhlükəsizlik mövzusunda əhəmiyyətli bir marka halına gəlib. Dünya dəyişir, biz də onunla birlikdə dəyişirik" ifadələrini işlədib.

 

Rusiyanın xarici siyasətində Avroatlantik bölgəsi ilə əlaqələrin prioritet olduğunu deyən D.Medvedev qeyd edib ki, "Panavropa təhlükəsizlik müqaviləsi"ni müzakirə etmək Avropa Birliyinin işlərinə qarışmaq mənasına gəlməməlidir: "Ümumi bir anlayışın meydana gəlməsinə kömək etməliyik. Rusiyanın yeni təhlükəsizlik təklifindən sonra bəziləri düşünür ki, Avropanı bölmək, ya da NATO-nu təsirsiz hala gətirmək istəyirik. Bu düşüncələr tamamilə səhvdir".

 

Qeyd edək ki, Rusiya 2009-cu ilin dekabr ayında bir sənəd halına gətirdiyi yeni təhlükəsizlik razılaşması təklifini Birləşmiş Millətlər Təşkilatı, NATO, eləcə də digər beynəlxalq və regional təşkilatlara göndərib. "Vancouverdən Vladivostoka qədər etibarlı sahə" şəklində yekunlaşdırıla biləcək müqaviləyə Qərb ölkələri hələ ki, müsbət cavab verməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə