Angela Merkelin “yaşıllar” və liberallarla koalisiya yaratmaq üçün uğursuz cəhdindən sonra alman analitikləri belə hesab edirlər ki, Angela Merkelin indiyə qədər iki dəfə (2005-2009-cu illərdə və 2013-cü ildən sonra) hökumətdə tərəfdaşları olmuş sosial-demokratlarla koalisiyanı bərpa etmək şansı o qədər də yüksək deyil.
2013-cü ildə keçirilmiş seçkilərdə az qala mütləq səs çoxluğu qazanmış mühafizəkarlar sosial-demokratlarla koalisiya barədə danışıqlarda “səxavət” nümayiş etdirərək özlərinin bəzi prinsiplərindən əl çəkdilər. Keçən il sentyabrın 24-də keçirilmiş seçkilərdə isə XDİ və XSİ ciddi itkilərə məruz qaldı. Buna görə mühafizəkarlara yenidən güzəşt etmək təhlükəlidir.
Mühafizəkar kanslerin “ağuşunda” ümumiyyətlə marginal siyasi qüvvəyə çevrilməyə risk edən sosial-demokratların vəziyyəti daha mürəkkəbdir. Bu partiyanın üzvlərinin çoxunun fikrincə, ASDP sədri Martin Şultsun seçkilərdən dərhal sonra vəd etdiyi kimi, müxalifətdə qalmaq lazım idi.
Merkel hökumətində təkrar iştirak etməyə sıravi partiya üzvlərinin razılığını əldə etmək üçün Şults koalisiya barədə Merkel ilə danışıqlarda ciddi üstünlüyə nail olmalı və alman qəzetlərinin yazdığı kimi, öz sosial-demokratlarının “ayaqları altına skalp atmalıdır”. Həm də bütün bunlar miqrasiya siyasəti, vergi və səhiyyə məsələləri barədə XDİ, XSİ və ASDP arasında ciddi fikir ayrılıqları şəraitində baş verməlidir.
Almaniya ictimai rəyində yaranmış dəyişikliklər də “böyük koalisiya”nın bərpa edilməsinin xeyrinə deyil. “İnfratest dimap” İnstitutunun apardığı rəy sorğusunun keçən həftə dərc edilmiş nəticələri göstərir ki, gələcək hökumətin bu variantını tənqidi qarşılayanlar (52 faiz) onu dəstəkləyənlərdən (45 faiz) çoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB