Sloveniya prezidenti Brüsselə səfər edəcək

Sloveniya prezidenti Brüsselə səfər edəcək

Sloveniya prezidenti vəzifəsinə təkrar seçildikdən sonra ilk rəsmi səfərini Brüsselə edəcək Borut Pahorun proqramında əsas mövzu qonşu Xorvatiya ilə sərhəd mübahisəsi dayanır. Bu ölkənin STA xəbər agentliyinin verdiyi məlumata görə, yanvarın 8-də başlayacaq səfər çərçivəsində B.Pahor Avropa İttifaqı Şurasının prezidenti Donald Tus və Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker, eləcə də NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşəcək.

Səfərdən əvvəl ölkə başçısı bildirib ki, əgər Xorvatiya sərhəd mübahisəsi ilə bağlı Beynəlxalq Arbitraj Məhkəməsinin qərarını qəbul etdiyini elan edərsə, bu zaman qərarın icrası məsələsi səbirli dialoq çərçivəsində həyata keçirilə bilər. O, Xorvatiyanın rəsmi və qeyri-rəsmi kanallar vasitəsilə Lyublyana və Brüsselə etibarlı mənbələr vasitəsilə mesaj göndərməsinin vacibliyini də vurğulayıb. Sloveniya prezidenti Avropa Komissiyasının bu prosesdə daha fəal rol oynamalı olduğunu qeyd edib və səfəri çirçivəsində Aİ və NATO liderlərinə bu istiqamətdə çağırışlar edəcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, iyun ayında Haaqa Arbitraj Məhkəməsi tərəfindən verilən qərara əsasən, iki ölkə arasında uzun illərdən bəri mübahisə mövzusu olan İstriya yarımadasında yerləşən Piran buxtasının əsas hissəsi Sloveniyaya verilmiş və həmçinin bu ölkənin beynəlxalq sulara maneəsiz çıxış üçün dəhlizdən istifadə hüququ tanınmışdı. Xorvatiyanın payına isə iki ölkənin sərhədində yerləşən bir neçə yüksəklik düşmüşdü. Həmin qərarın icrası üçün son gün olaraq dekabr ayının 30-u müəyyən edilmişdi. Qərarın icrası üçün son müddət başa çatsa da, Xorvatiya beynəlxalq məhkəmənin qərarını tanımaq istəmir.

Bütün xəbərlər Facebook səhifəmizdə