NATO-nun raketdən müdafiə sistemi Türkiyəni dilemma qarşısında qoyub

NATO-nun raketdən müdafiə sistemi Türkiyəni dilemma qarşısında qoyub

Dünya mətbuatının bu gün ən çox gündəmdə saxladığı məsələlərdən biri də Türkiyədə yerləşdirilməsi planlaşdırılan hava hücumundan müdafiə sistemidir. SİA-nın məlumatına görə, İngiltərənin "Daily Telegraph" qəzeti ABŞ-ın bu məsələdə Türkiyədən dəstək gözləməsinə baxmayaraq, Ankaranın layihəyə etiraz etdiyini yazıb.

 

ABŞ müdafiə naziri Robert Qeyts raketdən müdafiə sistemində iştirak etməsi üçün NATO-nun Türkiyəyə təzyiq etmədiyini, ancaq Ankaranın bu plana razılıq verəcəyinə ümid etdiklərini ifadə edib. Vaşinqtonda Amerika-Türkiyə Şurasında çıxış edən Qeyts layihəyə Türkiyənin verə biləcəyi köməklə bağlı bu ölkə ilə danışıqların aparıldığını deyib. O, "mətbuatda yayılan bəzi xəbərlərin əksinə Türkiyəyə bu məsələdə heç bir təzyiq etmədik" deyib. ABŞ müdafiə naziri Türkiyənin həyati bir müttəfiq olaraq əhəmiyyətini dilə gətirib. O, ilin əvvələrində isə Türkiyənin Qərbdən uzaqlaşması ilə bağlı narahatlığını ifadə etmişdi. Pentaqon rəhbəri ABŞ hökumətinin Ankaraya PKK ilə mübarizəsində dəstək olacağını da qeyd edib.

 

Türkiyənin bu məsələ ilə bağlı mövqeyi ölkənin NATO-ya sadiqliyi baxımından bir imtahan xüsusiyyəti daşıdığı bildirilir. Vaşinqton qurmaq istədiyi müdafiə sistemi ilə İrandan gözlənilən ballistik raket təhlükəsinin qarşısının alınacağını iddia etsə də, Türkiyə bu planı dəstəklədiyi halda Tehran ilə əlaqələrinin pozulmasından qorxur. Ankara eyni zamanda plana sərt qarşı çıxan Rusiyanı da özündən küsdürmək istəmir. Qeyd edək ki, raketdən müdafiə sisteminin Türkiyə ərazisində yerləşdirilməsinin 19-20 Noyabr tarixlərində Lissabonda keçiriləcək NATO zirvəsində təsdiqlənməsi gözlənilir.

 

Qəzetə danışan və adını açıqlamayan bir türk diplomatı isə "Türkiyə hələ qərarını verməyib, bəzi texniki problemlər var" deyib. Diplomat Türkiyənin verəcəyi bir "bəli" səsindən sonra başda İran olmaqla digər ölkələrlə yaranacaq problemlərin də nəzərdən keçirildiyini bildirib. "Daily Telegraph" qəzeti yazıb ki, Türkiyə raketdən müdafiə sisteminin İranı hədəf almayacağı ilə bağlı dəlil gözləyir. Qeyd olunur ki, hadisələrin bu şəkildə inkişafı Türkiyənin xarici siyasətdə Qərbin müttəfiqi mövqeyindən uzaqlaşaraq Şərq qonşuları ilə eyni mövqeyə gəldiyinə dair yeni narahatlıq yaradacaq.

 

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu müdafiə sistemi ilə bağlı ölkəsinin mövqeyini keçən həftə Brüsseldə qəti olaraq açıqladı. O, bildirmişdi ki, Türkiyə bu sistemin heç bir qonşusunu hədəf almasını istəmir. Türkiyə Xarici İşlər Nazirliyindən bir səlahiyyətli "bu məsələdə İran, Suriya və Rusiya kimi ölkələri təhlükə olaraq görmək fikrində deyilik" söyləyib".

Bütün xəbərlər Facebook səhifəmizdə