Türkiyə-Körfəz Əməkdaşlıq şurası fəaliyyət planı qəbul edilib

Türkiyə-Körfəz Əməkdaşlıq şurası fəaliyyət planı qəbul edilib

Türkiyə Yaxın Şərqin siyasi sabitlik və iqtisadi rifah mərkəzinə çevrilməsi üçün müəyyənləşdirdiyi xarici siyasət kursunu addım-addım həyata keçirir. Bu kursun ən önəmli həlqələrindən birini Körfəz ölkələri ilə qurulan Strateji Dialoq mexanizmi təşkil edir.

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyə-Körfəz Əməkdaşlıq və Strateji Dialoq şurası xarici işlər nazirlərinin Küveytdəki toplantısında hər sahədə inteqrasiyanı təmin edəcək fəaliyyət planı qəbul edilib. Fəaliyyət planı ticarət və sərmayə, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, nəqliyyat və rabitə, enerji, ekologiya, turizm, səhiyyə, mədəniyyət və təhsil olmaqla 9 fərqli sahədə əməkdaşlıq üçün işçi qrupların yaradılmasını nəzərdə tutur.

Küveytdəki toplantıdan sonra verilən birgə açıqlamada Türkiyə ilə Körfəz Əməkdaşlıq Şurası arasında sərbəst ticarət anlaşmasının nəticələndirilməsi ilə bağlı qərarlılıq vurğulanıb.

Türkiyə ilə Körfəz ölkələri arasında ticarət həcmi son 8 ildə 17 milyard dollara yaxınlaşıb. Bu ölkələrin Türkiyədəki birbaşa investisiyaları 10 milyard dolları keçib və türk inşaat firmaları son 7 ildə bu bölgədə 20 milyard dollarlıq layihə həyata keçirib.

Türkiyə Yaxın Şərqdə, Suriya, Livan və İordaniya ilə yanaşı, İraqla yüksək səviyyəli strateji əməkdaşlıq mexanizmləri qurub.

İndi isə sırada Misir var. Misirin xarici işlər naziri Əhməd Əbülgeytin gələn ay Türkiyəyə səfər etməsi və iki ölkə arasında yüksək səviyyəli strateji əməkdaşlıq şurasıının yaradılması ilə bağlı niyyət bəyanının bu səfər zamanı açıqlanması gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə