ABŞ vətəndaşları seçki öncəsi müharibə deyil, iqtisadiyyat deyir

ABŞ vətəndaşları seçki öncəsi müharibə deyil, iqtisadiyyat deyir

ABŞ 9 ildir ki, Əfqanıstanda müharibə aparır. Hazırda bu ölkədə 100 min ABŞ hərbçisi var. SİA-nın "New York Times"ə istinadən verdiyi məlumata görə, ölkənin 1300-dən çox hərbçisi isə Əfqanıstanda həyatını itirib. ABŞ bu ölkədə həyata keçirdiyi hərbi əməliyyatlar indiyə kimi 300 milyard dollardan artıq pul xərcləyib. Ölkədə keçirilən rəy sorğuları isə müharibənin seçici üçün maraqlı olmadığını ortaya çıxarıb.

Sorğuların gəldiyi nəticə budur ki, seçiciləri iqtisadiyyatın vəziyyəti və yüksək işsizlik rəqəmləri daha çox düşündürür. "New York Times" və "CBS News"in keçən ay ölkə daxilində keçirdiyi sorğuda əhalinin 60 faizi qarşı-qarşıya olduğu ən əhəmiyyətli problemlərin iqtisadiyyat və işsizlik olduğunu, yalnız 3 faizi Əfqanıstan müharibəsi ilə maraqlandığını söyləyib. Bu ay keçirilən başqa bir sorğu isə əhalinin 23 faizinin Əfqanıstandakı vəziyyəti yaxından izlədiklərini üzə çıxarıb. İqtisadiyyat üçün eyni şeyi söyləyənlər isə 43 faiz olub. Sentyabr ayının əvvəlində "ABC News" və "Washington Post"un keçirdiyi sorğuda isə noyabr ayında keçiriləcək seçkilərdə hansı məsələlərin verəcəkləri səslərə təsir edəcəyi soruşulub. Rəyi soruşulanların əksəriyyəti iqtisadiyyat, səhiyyə xidmətləri və büdcə kəsirini ilk sıralarda gördüyü halda,Əfqanıstan müharibəsinin adını çəkənlər çox az olub.

 

2006-cı ildə isə vəziyyət tamamilə fərqli idi. Sorğular İraq müharibəsi və terrorla əlaqədar məsələlərin insanlar üçün daha çox maraq doğurduğunu üzə çıxarmışdı. Həmin vaxt İraq müharibəsi ilə bağlı yaranan narahatlıq seçicilərin verdikləri səslərdə də əks olunmuşdu. Belə ki, Demokrat Partiyası Konqresdə çoxluğu ələ keçirmişdi. Ancaq 2008-ci ildə iqtisadiyyata vurulan ağır zərbə ilə amerikalıların da prioritetləri dəyişdi. Bununla belə müharibəyə marağın azalması bu məsələnin gündəmdən düşdüyü anlamına gəlmir. Əksinə, ABŞ-lıların müharibə ilə əlaqədar ciddi gözləntiləri var. "New York Times" və "CBS News"in sorğusuna qatılanlar arasında ABŞ-ın Əfqanıstanda müharibəyə girməməsinin lazım olduğunu düşünənlərin sayı keçən ilin dekabr ayından 15 faiz artıb. Respondentlərin əksəriyyəti də müharibənin pis getdiyini ifadə edib.

 

Demokrat Partiyasında da müharibə ilə bağlı fikirlərdə iktirəlik var. Demokrat senatorların çoxu perzident Barak Obamanın Əfqanıstana daha çox hərbçi göndərməsi qərarından narahatdır və bu qərara qarşıdır. İqtisadiyyatdakı zəiflik sayəsində əlləri güclənən Respublikaçıların müharibədən danışmağa ehtiyacları olmasa da, partiya liderləri müharibəyə açıq dəstək verirlər. Respublikaçı seçicilər ABŞ-ın müharibəyə girməklə düzgün addım atdığını düşünür. İşsizliyin aradan qaldırılanacan əhalinin əksəriyyətinin müharibəyə maraq göstərməyəcəyi dəqiqdir. Sorğuya qatılan bir seçicinin sözləri bu fikri daha dəqiq izah edir: "Əfqanıstandakı müharibə ilə əlaqədar indi nə edə biləcəyimizi bilmirəm, amma buradakı işsizliklə əlaqədar edə biləcəyimiz bir çox şeylər var".

Bütün xəbərlər Facebook səhifəmizdə