“The New Republic”: “Barak Obama Orta Asiya və Qafqaz siyasətini yenidən müəyyənləşdirməlidir”

“The New Republic”: “Barak Obama Orta Asiya və Qafqaz siyasətini yenidən müəyyənləşdirməlidir”

"Sovetlər Birliyinin dağılmasından bu yana Orta Asiya və Qafqaz ölkələri üçün yaşanan ABŞ-Rusiya rəqabəti Barak Obamanın ABŞ prezidentliyinə gəlməsi ilə yeni bir dövrə qədəm qoydu. Ancaq ümumi mənzərəyə baxıldıqda işlərin Obama üçün yaxşı getdiyini demək olmaz". SİA-nın məlumatına görə, "The New Republic" qəzeti bu il Qırğızıstanda baş verən hadisələrin ABŞ-ın "böyük oyun"a son verdiyinin işarəsi olduğunu yazıb.

 

Obama administrasiyasının Qırğızıstandakı hakimiyyət çevrilişinə müdaxilə etmək üçün heç həvəs göstərmədiyini yazan qəzet qeyd edib ki, bu davranış 2005-ci ildə Özbəkistanda yaşanan qırğına dərhal müdaxilə edən Vaşinqtonun davranışları ilə daban-dabana ziddir: "Kağız üzərində Obama rəhbərliyi Rusiyanın Orta Asiyada bir nüfuz sahəsini yaratmasını istəmir. Ancaq Qırğızıstanda yaşananlar Ağ Evin bu keçilməz xətdən geri çəkildiyinə işarədir. Əgər bu vəziyyət daam etsə, Vaşinqton Orta Asiyada Kremlə boyun əyə və böyük güclərin bir-birlərinin bağçasını yavaşca ələ keçirdiyi olduqca riskli bir dövrə girə bilərik. Nə olduğunu anlaya bilmək üçün ABŞ siyasətinin 1991-ci ildən bu yana necə dəyişdiyinə diqqət yetirmək lazımdır. Sovetlər Birliyinin çöküşündən sonra ABŞ-ın Orta Asiyada və Qafqazda yaranan səkkiz respublika ilə necə əlaqə yaradacağını göstərən məqam Ağ Evin Moskvaya istiqamətlənən davranışı idi. Bu davranış Rusiyanın kommunist diktatorluqdan sərbəst bazar iqtisadiyyatına keçəcəyi müddəti azaltmağa söz vermək idi".

 

Rusiyada vətəndaş müharibələrinin başlaması ilə Qazaxıstan və Türkmənistan Vaşinqtona təbii qaz və neft ixracında çətinlik yaşadıqları ilə bağlı şikayət etdi. Azərbaycandakı hökumətlər bir-birini əvəz edərkən qarışıqlıqlarda Rusiyanın barmağı olduğuna dair dəlillər ortaya çıxdı. Bundan sonra Bill Klinton rəhbərliyinin xarici siyasət qrupundakı bəzi adlar Rusiya ilə daha məsafəli davranmasının vacib olması ilə bağlı mesajlar verdi. Milli Təhlükəsizlik Şurasının səlahiyyətlisi Şeila Heslin ifadə etdi ki, Rusiyanın qonşularının suverenliyinə hörmət etməyə məcbur etməklə bu ölkənin avtoritar quruluşunu da dəyişmək olar. Onun fikrincə, həyata keçirilməsi lazım olan şey isə Orta Asiya və Qafqazdakı respublikaları gücləndirmək idi: "Heslinin bu fikirləri böyük dəstək topladı və bu dəyişmə ən çox Türkiyə tərəfindən qəbul edildi. Ankara Vaşinqtonun bu cəhdindən sonra bir çoxu etnik türk olan Orta Asiya və Qafqazdakı ölkələri NATO çətiri altına toplamaq üçün fəaliyyətə keçdi. Görünüşcə "Əl-Qaidə"ni hədəf alan, ancaq əslində Rusiyanın nüfuzuna zərər verən ABŞ hərbi bazaları isə həmin dövrün prezidenti Vladimir Putini qəzəbləndirdi".

 

"The New Republic" hesab edir ki, ABŞ-ın bölgədəki varlığından və Gürcüstana silah satışından məmnun olmayan Putin 2008-ci ildə Gürcüstanla müharibəyə girərək Vaşinqtona yeni bir mesaj göndərdi. Qəzetə görə, Corc Buş administrasiyası bölgədəki hədəflərindən imtina etmədiyi halda, Obama "böyük oyun"da geri addım atmağa başladı: "Qırğızıstan Rusiya ilə başladılan daha sakit bir dialoq və üst səviyyə əməkdaşlığının ən son nümunəsidir. Daha sonra Obama Polşa və Çexiyada yerləşdiriləcək hava hücumundan müdafiə sisteminin qurulması və Gürcüstana silah satışı fikrindən imtina etdi. Obamanın məqsədləri isə açıqdır: silah nəzarəti razılaşmalarını əldə etmək, Əfqanıstanda qələbə qazanmaq və İranın nüvə silahı əldə etmək istəyinin qarşısını almaq. Bu məqsədlərin hamısında Rusiya əhəmiyyətli rol oynayır. Rusiya ilə əlaqələrin normallaşması döyüş təyyarələrinin şimal qütbündən Qırğızıstana uçmasına, Əfqanıstana Rusiya hərbi vertolyotlarının satılmasına və İran üzərində daha möhkəm bir maliyyə nəzarətinə imkan verdi. Bir sözlə 1990-cı illərin əksinə olaraq Obamanın qrupu Orta Asiyada böyük güc rəqabətinin dövrünün keçdiyinə inanır. Heslinin siyasəti Orta Asiya və Qafqaz ölkələrinə Moskvadan yan keçən müstəqil maliyyə kanalları təmin etmək idi. Alternativ bazarlara çatan enerji xətlərinin, xüsusilə də Bakı-Tbilisi-Ceyhan neft boru xəttinin tikilməsi bu siyasətə söykənirdi. Barak Obama yeni siyasətin nəhayət bir seçimə ehtiyac olduğunun fərqində olmalıdır. "Böyük oyun"un əhəmiyyətini azaldaraq əldə edilən geopolitik qazanclar əhəmiyyətlidir, ancaq ABŞ-ın "əllərini çəkmə" siyasətinin xərci də olduqca yüksəkdir. "Sıfırlaşdırma" siyasəti əhəmiyyətli bir geri addım oldu. Vaşinqton Orta Asiya və Qafqazdakı siyasətini yenidən müəyyənləşdirərək bölgədəki siyasi və iqtisadi müstəqilliyin ABŞ-a qazandırdığı etibarı itirdi".

Bütün xəbərlər Facebook səhifəmizdə