Yaponiyanın Baş naziri Vyetnama gedib

Yaponiyanın Baş naziri Vyetnama gedib

Yaponiyanın Baş naziri Şinzo Abe Asiya-Sakit okean İqtisadi Əməkdaşlığı Təşkilatının (APEC) sammitində iştirak etmək və ikitərəfli görüşlər keçirmək üçün Vyetnama yola düşüb.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, Ş.Abenin noyabrın 10-da başlayacaq APEC forumu çərçivəsində Çin və Rusiya liderləri ilə görüşü planlaşdırılır. Növbəti həftə isə Baş nazir Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) sammitində iştirak etmək üçün Filippinə gedəcək.

Ş.Abenin Çin Xalq Respublikasının Sədri Si Cinpinlə və Rusiya Prezidenti Vladimir Putinlə ayrı-ayrılıqda keçirəcəyi görüşlər zamanı Şimali Koreyanın nüvə və raket proqramlarından imtina etməsi üçün onların bu ölkəyə təzyiqi artırmalarını xahiş edəcəyi gözlənilir. Bununla yanaşı, onun Şimali Koreya tərəfindən oğurlanmış Yaponiya vətəndaşları barədə müzakirələr aparacağı da planlaşdırılır.

Qeyd edilir ki, Ş.Abe Rusiya Prezidenti ilə bu ölkənin nəzarətində olan, lakin Yaponiyanın da iddia etdiyi dörd adada birgə iqtisadi fəaliyyətlə bağlı fikir mübadiləsi aparmağı da düşünür. Yaponiya hökuməti həmin adaları ölkənin ayrılmaz tərkib hissəsi hesab edir. Bu adaların II Dünya müharibəsi nəticəsində qeyri-qanuni yolla işğal edildiyini bildirir.

Bütün xəbərlər Facebook səhifəmizdə