“New York Times”: “Hizbullah” İsrailə qarşı müharibə hazırlığında” - MÜHARİBƏ

“New York Times”: “Hizbullah” İsrailə qarşı müharibə hazırlığında” - MÜHARİBƏ

"Hizbullah" İsraillə apardığı son müharibədən indiyə kimi silahlanma və kəşfiyyat sahələrindəki gücünü əhəmiyyətli dərəcədə artırıb. SİA-nın məlumatına görə, "New York Times" qəzeti ekspertlərin fikirlərinə söykənərək tərəflər arasında müharibənin əvvəlki ilə müqayisədə daha dağıdıcı olacağını yazıb.

 

Bundan üç il əvvəl "Hizbullah" kəşfiyyatçılarının sərhədi bir neçə yüz metr keçərək öldürdükləri iki İsrailli əsgərin cəsədləri ilə geri qayıtdığını qeyd edən qəzet bu gün Livanın cənubunu yenidən tikən "Hizbullah" səlahiyyətlilərinin bölgədəki tərəfdarlarını və hərbi gücünü artıraraq bununla İsrailə bir mesaj göndərdiyi qənaətindədir: "Livan parlamentinin üzvü olan "Hizbullah" səlahiyyətlisi Əli Feyyad, "biz yatmırıq, hazırlaşırıq" deyib. Livanlı ekspertlər ola biləcək bir qarşıdurma ilə "Hizbullah"ın ölkənin daxili siyasətdəki mövqeyinin güclənəcəyini iddia edir. "Hizbullah" lideri Həsən Nəsrullaha görə, təşkilat 2006-cı ildəki müharibə ilə müqayisədə əlindəki raket miqdarını artıraraq 40 minə çatdırıb. "Hizbullah" müharibə zamanı İsrailə dörd min raket zərbəsi endirmişdi. 2008-ci ildə veto hüququndan istifadə edərək Livan parlamentinə daxil olan "Hizbullah"ın əldə etdiyi mövqe İsrail ilə ikinci bir dağıdıcı müharibənin mümkünlüyünə dair düşüncələrə təsirsiz ötüşməyib. İran ilə yaxın əlaqələrə malik olan təşkilatın liderləri İsraillə yeni bir müharibəyə hazır olduqlarını ifadə edir".

 

"New York Times"ə görə "Hizbullah" liderlərini cəsarətləndirən başqa səbəblər də var. Qeyd olunub ki, təşkilatın İrandakı liderləri, prezident Mahmud Əhmedinejadın 2009-cu ildəki seçkilərdə qələbə qazanmasından indiyə kimi əlavə güc qazanıb: "Hizbullah"ın hökumətdəki rolu Livan kəşfiyyat orqanları ilə əməkdaşlığı artırıb. Beləliklə, Livanlı səlahiyyətlilər son iki il ərzində İsrail casusu olduğu iddia edilən 100-dən çox adamı həbs edib. Livanın cənubundakı yenilənmə 2006-da yox olmaq təhlükəsi ilə üzləşən, ancaq yenidən tikilən Aidə əl-Şaabda da görünür. Müharibədən indiyə kimi şəhərin əhalisi 30 faiz artaraq 12 minə çatıb. Bir zamanlar əkin tarlaları olan İsrail sərhədindəki təpələr indi yaşayış məskənləridir. Bu tikililər İsrail hərbi qüvvələrinin irəliləməsini çətinləşdirəcək və "Hizbullah" üçün quru müharibəsində üstünlüyü təmin edəcək. 2006-cı ildə müharibəni başa çatdıran Birləşmiş Millətlər Təşkilatının qərarına görə, "Hizbullah"ın sərhəd ilə Litani çayı arasındakı təxminən 30 kilometrlik sahə silahsızlaşdırılmalı idi. Ancaq "Hizbullah" strateji əhəmiyyətə sahib qəsəbələrdə rahatca gəzir, xariciləri sorğulayır. Bir sözlə "Hizbullah" Livanın cənubundakı şiə müsəlmanların dəstəyini qazanmış kimi görünür".

 

"Hizbullah" liderləri ABŞ və ya İsrailin İranın nüvə mərkəzlərinə hücum edəcəyi təqdirində neytral qala bilməyəcəklərini bildirib. Vaşinqton Siyasət İnstitutunun Yaxın Şərq siyasəti üzrə eksperti Jeffrey Vite İsrail ilə "Hizbullah" arasında başlanacaq yeni bir müharibənin 2006-cı illə müqayisədə daha dağıdıcı olacağını və Suriya ilə İranı da cəlb edəcəyini deyib. Livan parlamentinin üzvü, təqaüdçü general Valid Sukaria isə İsrailin "Hizbullah", İran və Suriyanın daxil olduğu "müqavimət oxuna" hücum etmədən əvvəl iki dəfə düşünməsinin lazım olduğunu bildirib: "Müharibə olarsa, Suriya və Livan yox olar, amma bu nəticə İsrailin mənfəətinə uyğun deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə