Livanın Baş naziri "Həyatım təhlükə altındadır" deyib istefa verdi
Livanın Baş naziri Saad Hariri öz postunu tərk edib. Onun bəyanatı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərindən “Al Mustaqbal” və “Al Arabiya” telekanalları tərəfindən yayımlanıb. TASS informasiya agentliyi xəbər verir ki, müraciətdə Hariri həyatının təhlükə altında olduğunu bildirib. “Livanda atamın öldürülməsindən əvvəlki vəziyyət hökm sürür”, - deyə o qeyd edib.
Qeyd edək ki, 1992-ci ildən 1998-ci ilədək və 2000-ci ildən 2004-cü ilə qədər hökumət başçısı postunu tutan Rafiq Hariri 2005-ci il fevralın 14-də terror hadisəsi nəticəsində həlak olmuşdu.
Baş nazir istefasının əsas səbəbi kimi xarici ölkələrin, həmçinin onlarla əlbir olan Hizbullah qruplaşmasının Livanın daxili işlərinə qarışmasını göstərib. Livan Prezidentinin mətbuat xidmətinin informasiyasına görə, Hariri ölkə sərhədləri xaricindən Prezident Mişel Auna zəng vuraraq istefası barədə məlumat verib. Prezident Aun Baş nazirin Beyruta qayıtmasını və istefasının səbəbini lazımi qaydada izah etməsini gözləyir.
“Əl-Mayadin” telekanalında yayımlanan xəbərə görə, parlamentin spikeri Habih Berri Baş nazirin bəyanatı fonunda Misirə səfərini yarımçıq qoyaraq vətəninə qayıdıb. Həmçinin Prezident Aunun Küveytə planlaşdırılan səfəri də sual altındadır.
Saad Hariri ötən ilin noyabr ayında milli birlik kabinetini formalaşdırıb. 1975-1990-cı illər vətəndaş müharibəsindən sonra Livanı bərpa edən mərhum Baş nazir Rafiq Haririnin 48 yaşlı oğlu 2009-cu ildə də koalisiya hökumətinə başçılıq edib. Lakin iki il yarımdan sonra ərəb ölkələrində baş verən və ərəb baharı adlanan təlatümlər fonunda onun kabineti istefaya gedib.
Livanın sünni icmasının lideri sayılan Hariri 2016-cı il oktyabrın 20-də barışıq təşəbbüsü ilə çıxış edərək Mişel Aunun prezident postuna namizədliyinə razılıq verib. Oktyabrın 31-də xristian siyasətçinin dövlət başçısı postuna seçilməsi Beyrutda hakimiyyət vakuumunu doldurmağa, milli barışığa və tərəfdaşlığa yol açıb.
“Livan modeli”nə əsasən, ölkənin Baş naziri müsəlman-sünni, parlamentin spikeri müsəlman-şiə, prezident isə xristian-maronit olmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB