Tacikistanda yas mərasimlərinə dair yeni qaydalar təsdiqlənib

Tacikistan Din İşləri Komitəsinin Üləmalar Şurası İslamşünaslıq Mərkəzi ilə birgə ölkədə matəm mərasimlərinin keçirilməsi ilə bağlı qaydaları təsdiqləyib və bu qaydaların yer aldığı kitabça buraxılıb.

Qaydalarda bildirilir ki, ölkədə matəm mərasimləri Tacikistanda qəbul olunan hənəfi məzhəbinə, yerli xalqların adət-ənənələrinə və ölkə qanunvericiliyinə uyğun olaraq keçirilməlidir. Təlimatda cənazə namazının qılınması, oxunacaq duaların vaxtı göstərilib. Qaydalara əsasən, matəm zamanı ağlamaq olar, lakin bərkdən ağı demək, başa torpaq tökmək, saç yolmaq, üz cırmaq, ağı demək üçün xüsusi adam gətirmək qadağan olunub. Mərhumun ən yaxın qohumlarına üç gün yas saxlamağa icazə verilir.

Təlimatda matəm mərasimi zamanı kişilərin və qadınların geyimi ilə bağlı müddəalar da yer alıb. Milli adətlərə görə, mərasim vaxtı qara paltar geyinmək olmaz. Üç, yeddi, qırx və il mərasimlərində heyvan kəsilməsi və yemək verilməsinə də qadağa qoyulub.(AZƏRTAC)

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...