Mixeil Saakaşvili Hillari Klintonla Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Nyu-Yorkda Gürcüstan prezidenti Mixeil Saakaşvili ABŞ dövlət katibi Hillari Klintonla görüşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, görüş Amerika tərəfinin istəyi ilə həyata keçirilib və bir saat davam edib. Gürcüstan prezidentinin mətbuat xidmətinin yaydığı məlumata əsasən görüşdə, Cənubi Qafqazda təhlükəsizlik və sabitlik məsələləri müzakirə olunub: "Görüşdə müzakirə olan mühüm məsələlərdən biri də, 6 Oktyabrda Vaşinqtonda keçirilməsi nəzərdə tutulan Gürcüstan-ABŞ Xartiyasının iclası olub".

 

Bundan başqa M.Saakaşvili Gürcüstanda təhsil, səhiyyə və iqtisadiyyat sahəsində əldə edilən uğurlar barəsində, o cümlədən bütün sferalarda iki ölkə arasında olan münasibətlərin hazırki vəziyyətin barəsində geniş məlumat verib.

 

Tərəflər eyni zamanda işğal olunan ərazilər barəsində danışıblar. Gürcüstan dövlət başçısı rəsmi Tiflisin Moskvaya qarşı tutduğu mövqeyində ABŞ-ın onlara dəstək verdiyinə görə öz minnətdarlığını bildirib.

 

Qeyd edək ki, görüşdə həmçinin Gürcüstanın xarici siyasət idarəsinin rəhbəri Qriqol Vaşadze və Gürcüstanın BMT-dəki nümayəndəsi Aleksandr Lomaya iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə