“Minilliyin hədəfləri” üçün ümidsiz yığıncaq

“Minilliyin hədəfləri” üçün ümidsiz yığıncaq

Dünya liderləri dünən Nyu-Yorkda BMT-nin "Minilliyin İnkişaf Hədəfləri" Zirvəsinə qatılmaq üçün toplanıblar. SİA-nın məlumatına görə, təxminən 125 liderin qatıldığı zirvədə 2000-ci ildə qəbul edilən "Minilliyin Hədəfləri" mövzusunda nə qədər yol qət etdiyi müzakirə olunacaq. BMT-nin baş katibi Pan Ki Mun zirvə öncəsi verdiyi açıqlamada geridə yalnız beş il qaldığını və səylərin artırılmalı olduğunu deyib.

Almaniya baş naziri Angela Merkel də Nyu-Yorka getmədən əvvəl verdiyi açıqlamada "daha sürətli olmaq məcburiyyətindəyik" demişdi. Avropa Birliyi hədəflərə çatmaq üçün 1 milyard avro, Dünya Bankı isə 750 milyon dollar ayıracağını bildirib. Ancaq layihənin reallaşa bilməsi üçün 5 ildə daha 120 milyard dollar lazımdır. "Minilliyin hədəfləri" 2015-ci ilə qədər yoxsulluğun ortadan qaldırılmasını, hər kəs üçün universal ibtidai təhsilin təmin edilməsini, cinsi bərabərliyi və qadınların istimai-siyasi həyatda rolunun gücləndirilməsini, uşaq ölümlərinin azaldılmasını, ana sağlamlığının yaxşılaşdırılmasını, bir sıra xəstəliklərə qarşı mübarizəni nəzərdə tutur.

Nyu-Yorkda bu gün işinə başlayacaq zirvədə Türkiyə prezidenti Abdullah Gul ümumi toplantı öncəsi "Yoxsulluq, aclıq və cinsiyyət bərabərliyi sahələrindəki problemlərlə mübarizə" adı ilə keçirilən dəyirmi masada iştirak edib. O, 2015-ci ilə aclığın aradan qaldırılması və cinsiyyət bərabərliyinin təmin edilməsi istiqamətində keçirilən toplantıda siyasi iradə göstərməli olduğu deyib. Türkiyə prezidenti həmçinin yoxsulluğun aradan qaldırılması üçün davamlı olan iqtisadi inkişafa ehtiyac olduğunu və lazımı qədər qidanın uyğun qiymətlərlə əldə edilməsinin vacibliyini diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə