İsrail-Rusiya əlaqələrinə “raket” düşdü

Rusiyanın Suriyaya raket satışına mane olmağa çalışan İsrail deyəsən bu istəyə nail ola bilməyəcək. SİA-nın məlumatına görə, İsrailin "Yedioth Ahranot" qəzeti Rusiyanın Suriyanı müasir "Yakhont" raketləri ilə təmin edəcəyini yazıb. Qəzet İsrailin müdafiə naziri Ehud Barakın 10 gün bundan əvvəl Moskva səfərindən sonra verilən Rusiya qərarını "İsrailin üzünə bir yumruq" olaraq xarakterizə etmişdi.

 

İsrailli bir səlahiyyətli qəzetə "İsrail üçüncü dünya ölkələrinə strateji tarazlığı pozacaq silahlar satmaqdan yayınır, Rusiyanın da eyni şəkildə davranması gözləyirik" deyib. Adının verilməsini istəməyən səlahiyyətli bildirib ki, İsrail-Fələstin sülh danışıqlarının başlandığı vaxtda "Hizbullah"ın iki əhəmiyyətli köməyindən biri olan Suriyanın müasir silahlarla təmin edilməsi sülhsevər dövlətləri sülh prosesinə cəsarətləndirə bilməz. İsrailin baş naziri Benyamin Netanyahu da "sıx diplomatik səylərə baxmayaraq, Rusiyanı Suriyaya raket satışını dayandırma mövzusunda razı sala bilmədik" deyib. Baş nazir Nazirlər Kabinetinin həftəlik toplantısında "P-800" adlandırılan raketlərin Suriyaya satılmasını İsrail üçün bir problem olaraq xarakterizə edib.

 

Qeyd edək ki, sözügedən raketlərin satışı ilə bağlı Rusiya-Suriya razılaşması 2007-ci ildə imzalanıb. Rusiya müdafiə nazir Anatolii Serdyukov ABŞ-a etdiyi səfərində qeyd edib ki, Rusiya "Yakhont"ların satışı ilə əlaqədar müqavilədən gələn bütün öhdəlikləri yerinə yetirəcək. O, Suriyaya oxşar raketlərin əvvəllər də satıldığını ifadə edib.

 

İsrailin bəzi mətbuat orqanları "P-800" raketlərinin 2006-cı ildə "Hizbullah"la olan II Livan Müharibəsi zamanı İsrailin bir donanma gəmisini vuran raketdən daha təhlükəli olduğunu, bu raketlərin "Hizbullah"ın əlinə keçəcəyini iddia edir. "Yakhont" raketləri sürətinə görə, dünyanın ən inkişaf etmiş raketlərindəndir. 300 kilometr uçuş məsafəsi olan raketlərin İsrailin Aralıq dənizindəki gəmiləri üçün təhlükə yaratdığı bildirilir. Rusiyanın müdafiə naziri isə raketlərin terrorçuların əlinə keçəcəyi ilə bağlı deyilənlərlə razılaşmadığını deyib: ""Yakhont"lar Suriyaya əvvəllər verilən sistemin daha müasiridir. Əvvəlki terrorçuların əlinə keçmədisə, indi verəcəyimiz niyə keçsin?".

Bütün xəbərlər Facebook səhifəmizdə