Slovakiya ordusunda qalmaqal: Külli miqdarda silah-sursat yoxa çıxıb

Slovakiya ordusunun cəbbəxanalarından yoxa çıxan hərbi materiallarla bağlı qalmaqal getdikcə böyüməkdədir.

Hələ bu ilin aprel ayında ordunun arsenalından 10 tank əleyhinə qumbaraatan və 120 əl qumbarası, eləcə də müxtəlif atıcı silahlar üçün yüz minlərlə patronun yoxa çıxması müəyyən edilib. Yeni faktlar əsasında ordunun sərəncamında olan avtomat, pulemyot və sair hərbi sursatların oğurlanması öz təsdiqini tapıb. Müdafiə Nazirliyi hazırda aparılan təhqiqatları əsas gətirərək, faktlarla bağlı açıqlama verməsə də ölkə Prezidenti Andrey Kiska vəziyyətin çox ciddi olduğunu bildirib. O qeyd edib ki, orduda baş verən bu kimi halların ordunun dövlət və vətəndaşları ümumiyyətlə necə qorumaq istəməsi sualını ortaya qoyur.

Müdafiə naziri Peter Qaydoş açıqlamasında Milli Kriminalistika Agentliyinin təhqiqatları yekunlaşana kimi gözləmək lazım gəldiyini bildirib. Nazir, həmçinin qeyd edib ki, gələcəkdə hərbi anbarların mülki təhlükəsizlik xidmətləri tərəfindən deyil, hərbi qulluqçular tərəfindən qorunması məsələsinə baxılacaq. 2006-cı ildə Slovakiyada hərbi mükəlləfiyyət ləğv edildikdən və peşəkar ordu sisteminə keçdikdən sonra xərcləri azaltmaq məqsədilə orduya mülki xidmətlərin cəlb edilməsi qərara alınıb.

Aprel ayında ilk faktlar məlum olduqdan sonra ekspertlər silah-sursatın asanlıqla təhlükəli qruplar və terrorçuların əlinə keçə biləcəyinə dair həyəcan təbili çalıblar. Eyni zamanda, Slovakiya ötən illərdə hərbi materialın asanlıqla qara bazara yol tapdığı ölkə kimi mənfi imic qazanıb.(AZƏRTAC)

Bütün xəbərlər Facebook səhifəmizdə