Jurnalist Georgi Qonqadzenin qətlini sifariş edən şəxs müəyyən olunub
Ukrayna Baş Prokurorluğu jurnalist Georgi Qonqadzenin qətlini sabiq daxili işlər naziri Yuri Kravçenkonun sifariş etdiyini dəqiqiləşdirib. SİA-nın "Ukrainskaya pravdaya" istinadən verdiyi xəbərə görə, bu barədə məlumat qətli gerçəkləşdirən yüksək rütbəli milis əməkdaşlarından ibarət qrupa rəhbərlik etmiş sabiq general Aleksey Pukaça qarşı irəli sürülən ittihamnamədə öz əksini tapıb. Sənəddə sabiq nazirin əməlləri aydın şəkildə öz əksini tapıb: "2000-ci il sentyabrın 13-14-də daxili işlər naziri Yuri Kravçenko öz kabinetində Kiyev Şəhər Baş Polis İdarəsinin rəisi Aleksey Pukaça şifahi şəkildə göstəriş verərək jurnalist Georgi Qonqadzeni öldürməyi tapşırıb".
İttihamnamənin sonunda Aleksey Pukaçın cinayət məsuliyyətinə cəlb olunması, ona qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmasının zəruriliyi qeyd olunur. Həmçinin sabiq generala səlahiyyətlərini aşmaqda və ağırlaşdırıcı hallarla qətl törətməkdə ittihamı irəli sürülüb. Günahı sübuta yetiriləcəyi təqdirdə Aleksey Pukaçı ömürlük həbs cəzası gözləyir.
Qeyd edək ki, cinayət işində adı keçən üç milis əməkdaşı müxtəlif müddətə azadlıqdan məhrum ediliblər. Qətlin sifarişçisi olduğu güman edilən sabiq daxili işlər naziri Yuri Kravçenko isə 2005-ci ildə öz baş evində intihar edib. Sabiq nazir Qonqadzenin işi üzrə Baş Prokurorluğa çağırılan gün özünü öldürüb. Ölməzdən əvvəl sabiq nazir jurnalistin ölümündə günahkar olmadığını və siyasi intriqaların qurbanı olduğunu yazıb.
Xatırladaq ki, Georgi Qonqadze 2000-ci ilin payızında öldürülüb. Onun başsız meyiti Kiyev yaxınlığında meşədən tapılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB