Lift və eskalator istehsal edən transmilli kompaniyalar

Lift və eskalator istehsal edən transmilli kompaniyalar

Lift - insanlara xidmət edən çox mürəkkəb texniki vasitədir. Lift sistemləri bizim həyatımızı konfotlu edir və insanlara çox köməklik göstərir. Biz çox vaxt öz həyatımızı, taleyimizi bu maraqlı texnika növünə etibar edirik. Və fikirləşmirik ki, bu texnika növü bizə öz etibarsızlığını göstərə bilər... Amma bütün bunlarla birlikdə bizim liftlər haqqında çox az məlumatımız var. Və bizim çoxumuz hansı liftin daha yaxşı, keyfiyyətli olruğunu bilmirik. Ona görə də mətbuatda heç fərqinə də varmadan liftlərlə bağlı çox vaxt yanlış məlumatlar yazırıq. Bununla da insanlarımızı çaşdırırıq. Belə qərara gəldik ki, liftlərlə bağlı insanlarımızı bir qədər maarifləndirək. Qoy onlar bu yazını oxumaqla özlərinin liftlərlə bağlı ətraflı məlumatları olsun və hər yazarın ağzına gələnləri yazmasına daha inanmasınlar.

Liftlərin tarixi çox qədimdir. Hələ qədim yunanlar və misirlilər insanları və yükləri yuxarı qaldırmaq üçün texniki qurğulardan istifadə edirdilər. Bu qurğular da qulların gücləri və ağır əməyi ilə istifadə olunurdu. Tez-tez də bədbəxt hadisələr baş verir və insanlar, əsasən də qullar faciəli surətdə dünyalarını dəyişirdilər. Bu işin çox faciəli olduğunu görüb, orta əsrlərdə isə qulları heyvanlarla əvəz etdilər.

İlk təkmilləşmiş lift isə Versalda XV Lüdovik üçün qurulub. Bu həmin vaxtı möcüzə sayılıb. İkinci lift isə Rus monarxları üçün Qış Sarayında qurulub. Lift quruculuğu da elmi-texniki çiçəklənmə dövrü ilə paralel inkişaf edib. İlk əvvəl parla və sonra isə hidravlik nasoslarla işləyən liftlər yaradılıb. İlk təhlükəsiz liftlər isə "OTİS" firması ( ixtiraçının familiyasıdır) tərəfindən ixtira olunub. Bu isə dünya tarixində çox böyük hadisə kimi qiymətləndirilib. Hətta bu liftlərin trosları qırılsa belə onlar yerə düşməyiblər və bədbəxt hadisələri baş verməyib. İlk əvvəl bu liftlərin yeganə mənfi cəhəti o imiş ki, onlar çox yavaş surətlə hərəkət edirdilər. İlk hündürmərtəbəli binalar inşa olunanda hidvravlik liftlərdən istifadə olunurdu. Amma ətrafına qoruyucu vasitələr də qurulurdu ki, liftlər qırılanda yerə düşməsinlər və bədbəxt hadisələr olmasın. İlk elektrik sərnişin liftləri ixtira olunandan sonra, liftlərin ətrafındakı qoruyucu vasitələri çıxardılar.

İndi isə öyrənək görək dünya üzrə lift istehsal edən hansı təşkilatlar bu sahədə daha böyük uğurlar qazanıblar və hansılar daha yaxşı liftlər istehsal edirlər. Biz bunlardan hansına həyatımızı daha çox etibar edə bilərik. Hansına daha çox ümid bəsləyə bilərik. Hansının dizayn işi və keyfiyyəti daha yüksəkdir.

Dünya lift istehsalında lider olan bir çox təşkilat var. Hansıların ki, lifti dünyada ən yaxşı və keyfiyyətli liftlət sayılır. Bunlar-OTİS, KONE, Thyssen Kripp , KLEEMANN, Şindler -dır. Bəs brend olan bu liftlər bir-birindən hansı keyfiyyətlərinə görə fərqlənirlər? Onlar dünya bazarında özlərinin hansı keyfiyyətlərinə, markalarına görə istehsal olunan başqa liftlərdən seçilirlər?

OTİS

Bu təşkilat dünyada lift üzrə ən böyük brendə malikdir. Bu kampaniya XIX əsrin ortalarında yaradılıb. Kampaniyanın yaradıcısı amerekalı ixtiraçı E.Ş. Otis olub. OTİS dünyada ilk dəfə olaraq, insanlar üçün ən təhlükəsiz lift ixtira edib. Elə həmin vaxtdan da bu liftlər dünya bazarında ən çox alınan liftlər olublar. Onlar təkcə lift yox, həm də sənaye kranları, eskalatorlar və travalatorlar istehsal edirlər. Bununla da onların liftləri hündürmərtəbəli binalarda, hündürmərtəbəli ofislərdə və başqa dövlət səviyyəli binalarda ən etibarlı liftlər kimi qəbul olunublar. Artıq Azərbaycana da 20 ildən çoxdur ki, OTİS liftləri gətirilir. Bu liftlərdən istifadə edən insanlarımız da OTİS liftinin başqa liftlərdən fərqini tam hiss edirlər. Və onun yüksək keyfiyyətini də görürlər.

KONE

Özünün yaranmasının artıq 100 illik yubileyini deyd edən bu liftlər Finlandiyanın istehsalıdır. Bu liftləri istehsal edən KONE firması öz siyasətini təkcə keyfiyyətli liftlər istehsal etməkdə yox, həm də liftlərin təhlükəsiz olmasına və qiymətdə sərfəli olması üstündə qurublar. KONE firması Sovetlər İttifaqına ilk liftləri Böyük Vətən Müharibəsindən əvvəl az miqdarda olsa da göndəriblər. Amma müharibədən sonra daha çox göndərməyə başlayıblar. Belə ki, Sovetlər Ölkəsi ilə bu firmanın ticarət əlaqələri 1936-cı ildən qurulub. Elə həmin ildən də KONE firması SSRİ-yə liftlər göndərməyə başalyıb. Böyük Vətən Müharibəsindən sonra bu firma ilə SSRİ-nin əlaqələri daha da genişlənib. Sovetlər Ölkəsi Finlasndiyadan bu firmanın istehsalı olan minlərlə sərnişin liftləri və yük qaldırıcı liftləri ya nəqd pula, ya da ayrı-ayrı məhsullar verməklə alıblar. Bu gün də Rusiyada bu firmanın özünün ofisi və nümayəndəliyi fəaliyyət göstərir.

Bu kompaniya liftlərdən əlavə, eskalatorlar, sərnişin daşıyıcı kranlar və travalatorlar da istehsal edir. KONE firması demək olar ki, hidravlik liftlər istehsal etmir. Kompaniya KONE, OTİS-dən sonra dünya bazarında ikinci yeri tutur. XX əsrin əvvəlindən fəaliyyətə başlayan bu kompaniya 1924-cü ildən dünya bazarında özlərini lift istehsal edən əsas firmalardan biri kimi təsdiq ediblər. İllər keçdikcə onlar yeniliyə can atmaqla artıq dünyada ən yaxşı lift istehsal edən üç firmadan biri sayılırlar.

Thyssen Krupp

Bu firma Almaniya sənayesində ən böyük lift istehsal edən kompaniyadır. Kompaniya 1999-cu ildən fəaliyyətə başlayıb. Thyssen Krupp metal istehsalına, metal məmulatlı qurğuların istehsalına, paslanmayan metal listlər, liftlər və eskalatorlara görə dünyada ən məşhur kompaniyalardan biri sayılır.

KLEEMANN

Dünyada ən məşhur olan lift kompaniyalarından biridir. 1983-cu ildən fəaliyyətə başlayan bu kompaniya lift sistemlərini konpleks halına salan məşhur bir firmadır. Bu kompaniya öz işini müasir alman texnalogiyalarından istifadə üstündə qurub. Artıq KLEEMANN-ın dünyanın müxtəlif ölkələrində lift istehsal edən səkkiz

zavodu var. Və onlar dünyanın 60-dan çox ölkəsinə lift göndərirlər. Əsas ofisləri Yunanıstanda da olan bu kompaniya artıq bu ölkədə də lift satışına görə bazarı tam ələ ala bilib. Ümumi liftlərdən əlavə bu kompaniya şəxsi sifarişlə də liftlər hazırlayır. Bu da onlara köməklik edir ki, öz məhsullarını dünyanın istənilən yerlərinə göndərə bilsinlər.

Yuxarıda yazdığımız kampaniyalardan əlavə dünyanın sənaye üzrə çox inkişaf etmiş ölkələrində də liftlər istehsal olunur. Amma əsasən liftlər Avropada, Amerikada və Asiya ölkələrində istehsal olunur. Asiyada əsas istehsalçılar Mitsubişi , Hitaçi , Toşiba - dır. Onların bəziləri az lift istehsal edir. Amma elə ölkələr də var ki, lift istehsalına görə dünya bazarında liderdilər. Bunlar yuxarıda adlarını çəkdiyimiz OTİS, KONE, Schindler, Thyssen və KLEEMANN kompaniyalarıdır. İndi isə bu kompaniyaların ən çox dünyada tanınanı və ən çox məhsulları alınanı OTİS haqqında sizə daha ətraflı məlumat vermək istəyirik.

OTİS kompaniyası və ondan törəyən müəssisələr

OTİS kompaniyası lift istehsalına və liftlərin qurulmasına görə dünyada birinciliyi uzun illərdir ki, qoruyub saxlayır. Bu kompaniya dünya bazarında fil gücünə malik sərnişin liftləri, eskalatorlar və hündürmərtəbəli binalara yük qaldırmaq üçün kranlar istehsal edir. Bu gün kompaniyanın ondan çox zavodları və texniki mərkəzləri dünyanın çoxlu ölkələrində fəaliyyət göstərirlər. Bu kompaniyanın törəmələri Çin Xalq Respublikasında, Koreyada , Fransada , Almaniyada və Rusiyada fəaliyyət göstərməklə dünyanın mindən çox şəhərlərinə, yüzdən çox ölkələrinə öz məhsullarını göndərirlər.

Bu kompaniyanın Rusiya ilə iş birliyi tarixinin 120 yaşı var. İlk işləri də Rusiya imperatorluğunun əmri ilə Qış Sarayında qurulub. SSRİ dövründə iş birliyi bir müddət pozulub. Amma keçən əsrin 70-ci illərində dünya bazarında bu liftə maraq çox olduğuna görə Moskvada kompaniyanın ofisi yaradılıb. Sonra isə Rusiyanın 45 şəhərində kompaniyanın ofisləri, üç zavodu fəaliyyətə başlayıb. Artıq Rusiyada bu kompaniyanın 35 mindən çox işçisi fəaliyyət göstərir. Və həm də artıq MDB məkanında OTİS liftləri ən çox istifadə olunan liftlərdir. Bu kompaniyanın ən perspektivli törəmələrindən biri Çin kompaniyası olan Xizi OTİS-dir. Burada əsasən yüksək keyfiyyətli yük və sərnişin liftləri və eskalatorlar istehsal olunur. Onlar da təkcə Çin Xalq Respublikasına yox, çoxlu xarici ölkələrə, Rusiyaya və MDB məkanında olan ölkələrə satılır.

Sankt- Peterburq şəhərindəki "OTİS" zavodu 2016-cı ildən özünün çoxmillətli kollektivi ilə işini daha da genişləndirib. Bu yenilənmədən sonra isə məhsul istehsalı iki dəfə artıb. Belə ki, bu zavod artıq ildə 10 mindən çox lift istehsal edir. Dünya bazarında bu liftlərə maraq da çox artıb. Təkcə Rusiya yox, həm də MDB ölkələri bu liftlərdən daha çox istifadə edirlər. Eləcə də yüksək keyfiyyətli olan bu liftlər Azərbaycana da çox gətirilir. Bu kompaniyanın "OTİS Şərqi Avropa" direktoru İqor Mayorovun sözlərinə görə ilk pilot layihə 2015-ci ilin aprel ayından başlayıb. Artıq həmin vaxtdan yüzlərlə yeni layihəli liftlər istehsal olunub. Amerika kompaniyası olan OTİS-in artıq Rusiyada 3 zavodu və 49 filialı fəaliyyət göstərir. Bu zavodlardan ikisi Moskvada və Şerbinkada fəaliyyət göstərir. Əsas zavod isə Sankt-Peterburq şəhərindədır.

OTİS alıcılarına köhnə liftləri də yenidən qurmaq üçün öz təkliflərini verir. Bu köhnə liftlərin modernləşdirilməsinə, texniki səviyyədə yaxşı qurulmasına və sərnişinlərin onlardan razı qalmasına, alıcılara ucuz qiymətə satılmasına da əllərindən gələn bütün köməklikləri edirlər.

"Baklift" İstehsal Birliyinin əməyi nəticəsində son illərdə Bakıda köhnə liftlər məhz dünya standartlarına cavab verən və dünyada ən məşhur olan OTİS liftləri ilə əvəz olunur. Son illərdə Azərbaycanda mindən çox OTİS liftləri quraşdırılıb. Bakıda liftlərin yenilənməsi üçün və köhnə liftlərin təmiri ilə bağlı ciddi işlər gedir. Sovet dövründə Bakıda qurulan liftlərin sayı 5 mindən çoxdur. Onlardan elələri var ki, 25-30-dan çox yaşı var. "Bakliftəmir" İstehsal Birliyinin baş mühəndisi Mehdi Heseynov deyir ki, "biz həmin liftləri OTİS liftləri ilə əvəz edirik. Belə modernizasiya prosesi ilə kompleks işlər də görməklə, liftlərin texniki nasazlığını tam aradan qaldırırıq. Bu üsulla da artıq köhnə liftlər tam yenilənir və həmin köhnə liftlər təzələrindən heç nə ilə seçilmirlər. Bununla da ölkəmizə biz çox böyük maliyyə qənaəti edirik və liftlər də komfort vəziyyətdə olur. Çalışırıq ki, bütün liftlər işlək vəziyyətində olsun və insanlarımız bizdən razı qalsınlar. Axırıncı 4-5 ildə sakinlər liftdən heç biri narazılıq etmirlər. Çünki Bakının bütün rayonlarında operativ qruplarımız işləyir və onlar əlindən gələni edirlər ki, bütün liftlər işlək, yüksək səviyyədə olsunlar".

Deməli, "Baklift" İstehsal Birliyi həqiqətən də düzgün yol tutmaqla Azərbaycana dünyanın ən yaxşı liftləri olan OTİS firmasının liftlərini gətirir. Əgər biz dünyaya inteqrasiya ediriksə və Azərbaycan öz iqtisadiyyatını günü-gündən yaxşılaşdırırsa, müstəqillik qazandığı cəmi 26 il müddətində belə sürətlə inkişaf edibsə, MDB məkanında olan ölkələrin demək olar ki, çoxunu öz sürətli inkişafı ilə geridə qoyubsa, "Bakliftəmir" İstehsal Birliyi də düzgün yoldadır. Onlar insanlarımıza yüksək səviyyədə xidmət edirlər. Onlara öz işlərində uğurıar arzulayırıq. Mən çox istərdim ki, yazarlarımız da bütün bunları görsün, oxusun və əsl həqiqəti yazsınlar. Onların lift sənayesindən doğru-düzgün məlumatlarının olması və bu mətbəxi yaxşı bilməsi yalnız özlərinə böyük xeyir verər. Onda onlar oxucuları yanlış, qərəzli fikirləri ilə çaşdırmaz və əsl həqiqəti yazarlar. Xalqımıza isə əsl həqiqət çox vacib lazımdır. Gələcək nəsillərimizə də bu gün əsl həqiqəti yazıb saxlamaq hər bir yazarın öz vicdanı qarşısında vətəndaşlıq borcu olmalıdır.

Ağalar İDRİSOĞLU

Əməkdar İncəsənət Xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə