Əhmədinejad: "Namizədlərdən heç birini dəstəkləmirik"

Əhmədinejad: "Namizədlərdən heç birini dəstəkləmirik"

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad qarşıdan gələn prezident seçkisindən və namizədlərdən kimi dəstəkləməsindən danışıb. Axar.az xəbər verir ki, Əhmədinejad kimliyindən asılı olmayaraq, namizədlərdən hər hansı birinin seçkilərdə qələbə qazanmasının ölkənin gələcəyi üçün əhəmiyyəti kəsb etmədiyini bildirib:

"Prezidentliyə namizədlərdən bəziləri öz çıxışlarında mənim tərəfimdən dəstəkləndiklərini iddia edirlər. Tərəfdarlarım isə mənə təzyiq göstərərək həmin şəxslərin adlarını çəkməyimi və onlarla sərt davranmağımı istəyirlər. Lakin hesab edirəm ki, buna ehtiyac yoxdur. Mən yalnız bir şey deyə bilərəm və bunu bir daha təkrar edirəm. Bütün İran xalqı bilsin ki, biz bu seçkilərdə prezidentliyə namizədlərdən heç birini dəstəkləmirik. Dəstəkləməyəcəyik də! Çünki onlardan hər hansı birinin seçkidə qələbə qazanmasının fərqi yoxdur və bunun ölkəyə, onun gələcəyinə də təsiri olmayacaq".

Qeyd edək ki, Əhmədinejadın prezidentliyi dövründə onun hökumətində nazir və digər rəhbər vəzifələrdə çalışan komanda üzvlərindən bəziləri prezidentliyə namizəd İbrahim Rəisiyə dəstək verərək onun seçki kampaniyasına qoşulublar. Məhz buna görə də Əhmədinejad hər hansı bir namizədin adını çəkməsə də, onun bu bəyanatının İbrahim Rəisiyə ünvanlandığı güman edilir.

İranın Konstitusiyaya Nəzarət Şurası aprelin 20-də bəyanat yayaraq 6 nəfərin prezidentliyə namizədliyini təsdiqləndiyini açıqlayıb. Keçmiş prezident Mahmud Əhmədinejadın və onun komandasından olan Həmid Bəqayinin namizədliyi rədd edilib.

İranda prezident seçkiləri 2017-ci il mayın 19-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə