Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa Baş nazir Şinzo Abenin və ya onun xanımı Akie Abenin siyasi qalmaqala səbəb olan "Moritomo Qakuen" şirkətinə ianə ödəməsi barədə iddianı rədd edib. Y.Suqanın sözlərini sitat gətirən Kyodo agentliyi yazır: "Baş nazir şəxsən heç bir ianə ödəməyib. Xanım Akie Abe də heç kimə ianə verməyib".
Yaponiya Nazirlər Kabinetinin baş katibi məsələ ilə bağlı bəyanatla "Moritomo Qakuen" şirkətinin prezidenti Yasunori Kaqoike martın 23-də səhər parlamentdə şahid ifadəsi verdikdən sonra çıxış edib. Y.Kaqoike bildirib ki, o, Akie Abedən zərfdə bir milyon yen (8,98 min dollar) alıb. Xanım Abe zərfi verərkən bildirib ki, bu Şinzo Abedəndir.
Osakadakı xüsusi bağçanın mənsub olduğu "Moritomo Qakuen" ətrafında qalmaqal təqribən bir ay əvvəl, kütləvi informasiya vasitələrində şirkətin dövlətdən qiyməti endirilmiş torpaq sahəsi alaraq burada öz məktəbini tikmək istəməsi barədə məlumat yayıldıqdan sonra başlayıb.
Bundan əlavə, məlum olub ki, şirkətin rəhbərliyi tikintiyə sərf olunan məbləği süni şəkildə şişirdərək dövlətin ayırdığı vəsaiti mənimsəyib. Sonra bayram günlərində bağça uşaqlarının Baş nazir Şinzo Abeni və onun qanunvericilik təşəbbüslərini bəyənən çıxışlar etdiyi məlum olub. Həmin vaxt Baş nazirin xanımı Akie Abenin iki dəfə bu bağçaya səfər etdiyi açıqlandıqdan sonra qalmaqal siyasi xarakter alıb.
Eyni zamanda, xanım Aike Abenin "Moritomo Qakuen"in təhsil müəssisələrində oxuduğu mühazirələrə görə qonorar aldığı barədə ittihamlar səslənsə də, bu bəyanatlar təsdiqini tapmayıb. Bundan sonra Yaponiyanın müdafiə naziri Tomomi İnadanın ünvanına iradlar bildirilərək qeyd edilib ki, o, 13 il bundan əvvəl məhkəmədə "Moritomo Qakuen" şirkətinin maraqlarını qoruyub. (AZƏRTAC)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB