İŞİD Mosulun 85 faizini itirib

İŞİD Mosulun 85 faizini itirib

İŞİD terror qruplaşmasının yaraqlıları hazırda Mosulun yalnız 15 faizinə nəzarət edirlər. Bunu İraqın Rusiya Federasiyasındakı səfiri Heydər Mansur Hadi bildirib. RİA Novosti informasiya agentliyi xəbər verir ki, səfirin sözlərinə görə, iki il əvvəl İŞİD İraq ərazilərinin 40 faizini zəbt etmişdi. İndi isə onun əlində yalnız Mosulun 15 faizi qalıb. Qruplaşmanın İraqdakı paytaxtı hesab olunan bu şəhər tezliklə terrorçulardan tam azad ediləcək və beləliklə İŞİD-in bu ölkədə varlığına son qoyulacaq.

Xatırladaq ki, Mosulun İŞİD-dən azad edilməsinə yönəlmiş hərbi əməliyyatlar oktyabrın 17-də başlayıb. Beynəlxalq koalisiya aviasiyasının dəstəyi ilə aparılan əməliyyatların gedişində hökumət qüvvələri şəhərin şərq hissəsini bütünlüklə nəzarətə götürüb.

Hazırda İraq ordusunun qərb istiqamətində hücumları davam edir. Bir necə gün əvvəl hökumət qüvvələri qərbi Mosulun mərkəzi məhəllələrində hökumət binaları kompleksi üzərində nəzarəti ələ keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə