“Messerşmitt” və içindəki pilot tapıldı DANİMARKADA+FOTO

“Messerşmitt” və içindəki pilot tapıldı DANİMARKADA+FOTO

14 yaşlı danimarkalı məktəbli sinifdənkənar tapşırıq yerinə yetirərkən, yaşadığı ferma ərazisində təsadüfən ikinci dünya müharibəsinə aid alman təyyarəsini aşkar edib. SİA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Belə ki, məktəbli oğlan atası ilə fermaya aid torpaqlarda metalaxtarıcı detektor vasitəsilə metal xassəli minerallar axtararkən, detektor güclü siqnal verib. Onlar əllərindəki qazıcı vasitələrlə təyyarə qalıqlarına bənzər qırıntıları aşkar etdikdən sonra qonşularından ekskavatoru alaraq həmin ərazidə 7-8 metrlik çuxur qazıblar.

"Əvvəlcə biz metal qırıntıları ilə bol olan kifayət qədər torpaq qazdıq.Sonra isə paltar hissələri qırıntıları ilə rastlaşdıq"-deə qeyd edən 14 yaşlı Daniel Kristiansen əlavə edib ki, vaxtilə onun babası 1944-cü ildə bu yerlərdə alman təyyarəsinin yerə çırpıldığını danışıb. Lakin onların ailəsi tapıntı gününə qədər bu söhbəti ciddiyə almayıblar.

Sonra tapıntı ərazisinə minaxtaranlar briqadası göndərilib. Onlar təyyarənin düşdüyü ərazidə partlayıcı sursatların olmasından ehtiyat ediblər.

Tapıntı barədə Almaniyanın Danimarkadakı səfirliyinə də məlumat verilib. Şimali Yutlandiyanın tarix muzeyindən isə bildirilir ki, artıq pilotun şəxsiyyəti də müəyyənləşdirilib və onlar pilotun qalıntılarının mümkün qohumlarına çatdırılacağına ümid edirlər.

Tarixçilər də artıq bu barədə rəy veriblər. Onlar hesab edirlər ki, ikinci dünya müharibəsinin qorxulu röyasına çevrilmiş "Messerşmitt" qırıcı təyyarəsi fermadan bir az aralı yerləşən Olborq təlim bazasından havaya qalxıb. Bunu pilotin qalıqları üzərindən tapılmış qida talonları da sübut edir. Pilotun üzərindən eyni zamanda kostyum, şlyapa, pulqabı və 3 ədəd prezervativ tapılıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə