“Fukusima-1” AES-in dezaktivasiyası üçün məsrəflər artıb

“Fukusima-1” AES-in dezaktivasiyası üçün məsrəflər artıb

Yaponiyada qəzalı "Fukusima-1" atom elektrik stansiyasının (AES) dezaktivasiyası üçün məsrəflər 2016-cı ilin sonuna 2,6 trilyon yen (22,7 milyard dollar) təşkil edib. Bu barədə Kyodo informasiya agentliyi Yaponiya Ətraf Mühit Nazirliyinə istinadla məlumat yayıb.

Məlumatda qeyd edilir ki, cari ildə AES-in dezaktivasiya məsrəfləri işlərin daha çətin yerlərdə aparılması ilə bağlı artacaq.

Yaponiya İqtisadiyyat, Sənaye və Ticarət Nazirliyi bildirib ki, radiasiyaya yoluxmuş ərazilərin dezaktivasiyasına əvvəl nəzərdə tutulduğu kimi, 2,5 trilyon yen (21,9 milyard dollar) yox, təqribən 4 trilyon yen (35 milyard dollar) vəsait lazım olacaq.

Ümumilikdə "Fukusima-1" AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasına kompensasiyalar və söküntü işləri də daxil olmaqla, 21,5 trilyon yen (təqribən 195 milyard dollar) vəsait lazımdı. Beləliklə, əvvəlcə məsrəflər üçün planlaşdırılan 11 trilyon yen (100 milyard dollar) məbləğində vəsait təqribən iki dəfə artacaq. Bu məsrəflərin bir hissəsinin elektrik enerjisinin qiymətinin artırılması yolu ilə ödənməsi nəzərdə tutulur.

2011-ci ilin martında baş vermiş zəlzələ nəticəsində yaranan nəhəng sunami dalğaları "Fukusima-1" AES-də nüvə qəzasına səbəb olmuşdu. Yaranmış vəziyyətdən çıxış yolu olaraq AES ətrafında geniş ərazilərdə əhalinin təxliyəsi barədə qərar qəbul olunmuşdu. Hələ də stansiya ətrafındakı 20 kilometrlik dairədə əhalinin yaşayışına icazə verilmir. Qəzanın nəticələrinin tam aradan qaldırılması üçün 40 il vaxtın lazım olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə