ABŞ prezidenti postundakı fəaliyyətini “əla” qiymətləndirib
Trampdan özünütərif

ABŞ Prezidenti Donald Tramp ali dövlət postunda fəaliyyətini "5+", ölkə vətəndaşları ilə ünsiyyət bacarığını isə yalnız "3"lə qiymətləndirib. TASS informasiya agentliyi xəbər verir ki, Donald Tramp Ağ evdə fəaliyyətinin ilk beş həftəsinin nəticələrini "Fox News" telekompaniyasına müsahibəsində şərh edib.

Jurnalistlərin prezident postunda gördüyü işlərin onun özü tərəfindən qiymətləndirilməsi xahişinə Tramp təvazökarlıqdan uzaq cavab verib: "5+". Eyni zamanda, Prezident öz təşəbbüsü ilə vətəndaşlarla ünsiyyətə görə yalnız "3+" qiymətinə layiq olduğunu deyib. "Bizdə əla işləyən hökumət var, lakin bunu hələ ki, amerikalılara izah edə bilmirik", - deyə Tramp əlavə edib.

O, ABŞ Konqresinin hər iki palatasının birgə iclasında "ölkənin vəziyyətinə dair" məruzə ilə çıxış etdikdən sonra vəziyyətin bir qədər düzələcəyinə ümid bəslədiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə