11 sentyabr hadisəsinin təşkilatçısı Obamaya nə yazıb?

KİV-lər həmin məktubu dərc edib
11 sentyabr hadisəsinin təşkilatçısı Obamaya nə yazıb?

KİV-lər 2001-ci il 11 sentyabr hadisəsini təşkil etmək şübhəsi ilə həbs olunan Xalid Şeyx Məhəmmədin ABŞ-ın sabiq prezidenti Barak Obamaya ünvanladığı məktubunu dərc edib.

Rusiyanın NTV telekanalı xəbər verir ki, 18 səhifədən ibarət məktubun tam mətni təqdim olunmasa da, Nyu-Yorkda baş verən terror hücumunun səbəbləri və Vaşinqtona aid ittihamlar yer alıb.

"The Miami Herald" qəzetinin məlumatına əsasən, Xalid Şeyx Məhəmməd məktubda Barak Obamaya "ilanın başı", həmçinin "qəddar və istismarçı ölkənin" prezidenti deyə müraciət edir. O, həmçinin 11 sentyabr hadisəsinə də toxunaraq yazır: "Sentyabrın 11-də sizə qarşı müharibəyə biz başlamadıq. Siz özünüz və sizin diktatorlarınız bizə hücum etdiniz". Bunun ardından məktubda "İraq və İrandan başlayaraq, Vyetnam və Xirosimaya qədər" ABŞ-ın xarici ölkələrə hərbi müdaxilələrinin uzun siyahısı yer alır.

Xalid məktubunda amerikalılardan və Amerika məhkəməsindən "heç bir zaman aman istəməyəcəyini", ömürlük həbs cəzasından və ölüm hökmündən qorxmadığını bildirir. Ölüm hökmünün perspektivi haqda fikirlərini ifadə edərkən Allahla, Usamə Ben Ladenlə və Peyğəmbərlərlə, həmçinin "amerikalılar tərəfindən bütün dünyada ədalətsiz şəkildə öldürülən xeyirxah dostları ilə görüşə hazır olduğunu yazır". "Sizin əllərinizdə Qəzza sektorunda öldürülən qardaş, bacı və uşaqlarımızın qanları hələ də qurumayıb", - deyə qeyd edir.

Xəbər verilir ki, Xalid Şeyx Məhəmməd Barak Obamaya məktubu 2014-cü ildə, İsrailin Qəzza sektorunda hərbi əməliyyat apardığı zaman yazmağa başlayıb və onu 2015-ci ilin yanvarında bitirib. Lakin "Quantanamo" həbsxanasının rəhbərliyi məktubu göndərməkdən boyun qaçırıb. Həmin ilin payızında müttəhimin amerikalı vəkili onun ali baş komandana petisiya ilə müraciət etmək haqqının olduğunu əsas gətirərək məhkəməyə müraciət edib. Bir il sonra hakim məktubun ünvanına göndərilməsinə icazə verib.

Bütün xəbərlər Facebook səhifəmizdə