İzmirdəki hadisəni törədənlərin kimliyi müəyyənləşib

İzmirdəki hadisəni törədənlərin kimliyi müəyyənləşib

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ ötən gün İzmirdə baş verənləri şərh edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, nazir bildirib ki, İzmir məhkəməsinin giriş qapısında "Broadway" adlı vasitənin partladılması və sonra terroristin təqibi, digər nöqtədə endirilən terroristin təsbiti nəticəsində çıxan qarşıdurmada bir polis, bir də ədliyyə əməkdaşı şəhid olub: "Şəhidlərimizə rəhmət diləyirəm. Hadisə nəticəsində 9 nəfər yaralanıb. Onlara şəfa diləyirəm. Terroristlərin ikisi ölü olaraq ələ keçirilib. Əməkdaşımız Fəthi Seki qəhrəmanlıq göstərərək böyük bir fəlakətin önünə keçib. Mən şəhidlərimiz və yaralı polislərimizin simasında terrorla mübarizə edən bütün təhlükəsizlik güclərimizi təbrik edirəm. Millətimiz onlara təşəkkür borcludur".

B. Bozdağ qeyd edib ki, hazırda təxminən 10 terror təşkilatı ilə eyni vaxtda mübarizə edən tək ölkə Türkiyədir: "Terror qalib olmayacaq. Yaralılarımızdan 3-ü vəkil, 2-si polis, 2-si isə qeyri-vətəndaşdır. 18 nəfər nəzarətə götürülüb. Artıq terroristlərin şəxsiyyətləri məlum olub. Lakin hazırda bunu açıqlaya bilmərik. Terror təşkilatı mövzusunda hər hansı bir tərəddüd yoxdur. Hadisənin baş verməsi ilə bağlı təlimatın separatçı terror təşkilatı PKK tərəfindən verildiyi bəllidir. Hadisənin İzmirdə baş verməsi ilə bağlı müxtəlif fikirlər söylənə bilər. Ancaq hamımız bilirik ki, terror təşkilatları insanlığın düşmənidir".

Bütün xəbərlər Facebook səhifəmizdə