Putin rəsmi səfərinin ilk günündə bu ölkənin Baş naziri ilə görüşüb
Rusiya prezidenti Yaponiyadadır

Rusiya Prezidenti Vladimir Putin Yaponiyaya rəsmi səfərinin ilk günündə bu ölkənin Baş naziri Şinzo Abe ilə görüşüb. Şinzo Abe və Vladimir Putin Rusiyanın tabeliyində olan dörd ada ilə bağlı məsələnin həllində yeni yanaşma barədə razılığa gəliblər. Mübahisəli adalarda iqtisadi əməkdaşlığın gücləndirilməsi, bu ərazilərə səfərlərin asanlaşdırılması məsələnin həllində mühüm rol oynaya bilər.

Qeyd edək ki, Yaponiya hökuməti adaların II Dünya müharibəsi zamanı işğal edildiyini bildirərək, həmin əraziləri ölkənin ayrılmaz tərkib hissəsi sayır.

Rəsmi Moskvanın qənaətinə görə isə, bu adalar müharibənin nəticəsi olaraq Rusiya ərazisinin bir hissəsinə çevrilib. Buna görə də, həmin adalarda aparılacaq iqtisadi fəaliyyət yalnız Rusiya qanunvericiliyi çərçivəsində reallaşdırıla bilər.

Məhz buna görə II Dünya müharibəsindən sonra iki ölkə arasında sülh müqaviləsinin imzalanması mümkün olmayıb.

İki lider arasında danışıqlar dekabrın 16-da Tokioda davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə