İngiltərənin yeganə təyyarə gəmisini Türkiyə şirkəti aldı

İngiltərənin yeganə təyyarə gəmisini Türkiyə şirkəti aldı

İngiltərə donanmasının təyyarələrin enib-qalxmaq üçün "HMS İllustrious" adlı son gəmisi sökülüb istifadə edilməsi məqsədilə Türkiyəyə satılıb. SİA-nın xarici media orqanlarına istinadən verdiyi məlumata görə, uzunluğu 210 metr, ağırlığı 22 min ton olan gəmi "Portsmouth" limanından Türkiyəyə doğru yola çıxıb. Təyyarə gəmisini Türkiyə şirkətlərindən biri satın alıb. Şirkət gəmi üçün 2 milyon 100 min sterlinq ödəyib.

Qeyd edək ki, "HMS İllustrious" İngiltərənin yeganə təyyarə gəmisi idi. 2014-cü ildə fəaliyyətini dayandıran təyyarə gəmisi 1990-cı illərdə Bosnya və İraqdakı uçuşa qadağan olan bölgələrin nəzarətində aktiv rol oynamışdı.

32 il xidmət göstərən gəmi 1 milyon dəniz milinə yaxın yol gedib. Gəminin muzey və ya otel kimi istifadə olunması gündəmdə olsa da, İngiltərə Müdafiə Nazirliyi onun saxlanılması üçün xərclərin çox olduğuna görə bu istiqamətdəki tələbləri geri çevirib.

Hazırda İngiltərə donanmasında aktiv təyyarə gəmisi qalmayıb. Bu ölkə üçün "HMS Queen Elizabeth" və "HMS Prince of Wales" adlı təyyarə gəmiləri inşa olunur. Onların hər iksi 2020-ci ildə aktiv xidmətə yararlı olacaq. 2017-ci ilin əvvəlində isə "HMS Queen Elizabeth" dənizdə test yürüşünə başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə