Ukrayna jurnalistləri informasiya təcavüzünə "YOX" dedilər FOTOLAR

Ukrayna jurnalistləri informasiya təcavüzünə "YOX" dedilər  FOTOLAR

Ukraynanın paytaxtı Kiyev şəhərində Milli Jurnalistlər Birliyinin konfrans zalında "dəyirmi masa" keçirilib. SİA-nın Ukrayna bürosunun verdiyi məlumata görə, xarici KİV-lərin də qatıldığı tədbirdə bir sıra ictimai təşkilatlar, ölkənin aparıcı media qurumlarının rəhbərləri, hərbi jurnalist və ictimai təşkilatlar, jurnalistlər birlikləri və Kiyev şəhərinin ziyalıları iştirak ediblər.

Səs İnformasiya Agentliyinin Şərqi Avropa ölkələri və Ukrayna bürosunun rəhbər Əlmaniz Ələkbərlinin də qatıldığı "dəyirmi masa"da müzakirələr çox gərgin keçib. Tədbiri Milli Jurnalistlər Birliyinin sədr müavini, Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin televiziya və radio kafedrasının dosenti Viktor İvanoviç Nabrusko açaraq ölkənin şərqində baş verən zorakılıq hallarından, xüsusən də informasiya təcavüzündən danışıb: "Bu gün bizim respublikamızda dörd televiziya kanalı var ki, məhz rus dilində fəaliyyət göstərir. Rusiyada nəinki Ukrayna dilində televiziya kanalları fəaliyyət göstərmir, hətta Donetsk və Luqansk ərazilərində də Ukrayna dilində heç bir mətbu orqan fəaliyyət göstərmir. Hesab edirəm ki, burada Ukraynanın çox böyük günahı var, biz əlimizi-qolumuzu aşağı salıb nəyisə gözləyənədək Rusiyanın apardığı təbliğat maşını öz xalqını aldada bilib, artıq ruslar inanırlar ki, biz ukraynalılar faşist siyasəti yürüdürük. Hesab edirəm ki, buna göz yummaq öz vətənini satmaq kimidir. Bu gün xeyli deputatımız var ki, ana dilində danışa bilmir. Onları hansı xalq seçib? Əvvəllər Rada qərar vermişdi ki, iki ilə ukrayna dilini öyrənsinlər, sonda belə məlum oldu ki, heç kim bu dili öyrənməyib. Öz ana dilinə hörmət qoymayan deputat xalqın problemini necə həll edəcək?

Tədbirdə iştirak edən bir neçə general hərbiçilərin arasında da ana dilində danışmayanların çox olduğunu vurğulayıblar. Tədbirdə akademik Julinskiy Mikola Qriqoryeviç, akademik Sokolovskiy Valentin İvanoviç, ehtiyyatda olan general-leytenant Skipalskiy Oleksandr Oleksandroviç, ehtiyyatda olan general-polkovnik Lopata Anatoli Vasilyeviç, siyasi elmlər doktoru Bebik Valeriy Mixayloviç və başqa natiqlər də çıxış edərək Rusiyanın informasiya müharibəsində qələbə çaldığını, Ukrayna əleyhinə təbliğat apardığını xüsusi vurğulayaraq məsələnin çox ciddi olduğunu və bu problemi dövlət başçısı səviyyəsində həll etməyin vacib olduğunu bildiriblər.

Əlmaniz Ələkbərli,

Şərqi Avropa Ölkələri və Ukrayna Bürosunun rəhbərı

Bütün xəbərlər Facebook səhifəmizdə