Türkiyənin hərbi bazasının yerləşdiyi Başika qəsəbəsinin ətrafındakı səkkiz kənd Peşmərqə gücləri tərəfindən mühasirəyə alınıb. İŞİD-in Başikaya göndərdiyi bomba yüklü maşınlar və motosikletlər hərbçilər tərəfindən zərərsizləşdirilib. Terror təşkilatı Mosuldan diqqəti yayındırmaq üçün Kərkükdən sonra Anbar əyalətində hücuma keçib və Ratba şəhərini tutub. SİA-nın İraq Müdafiə Nazirliyindəki mənbələrə və Kürd Muxtariyyətinin Rudaw agentliyinə istinadən yaydığı məlumatda belə deyilir.
Məlumata görə, bir həftədir ki, İraq ordusu Mosulu İŞİD-dən azad etmək üçün 60 minlik qüvvə ilə ölkənin ikinci böyük şəhərinə hücuma keçib. Terror təşkilatı isə mövqelərini qorumaq üçün bütün imkanlarından istifadə edir. ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri İraq ordusu və Peşmərqə birliklərinə havadan dəstək verir.
BBC-nin müxbiri Peşmərqənin Mosulun doqquz kilometrliyinə qədər irəlilədiyini bildirir. Rudaw isə Peşmərqənin Birhalak, Fazıliye, Ömər Qamçı, Qanuni, Behzan, Harab Dəlil, Kiçik Tiz Harab və Böyük Tiz Harabı azad etdiyini yazır. Xəbər verilir ki, bu gün İŞİD-in səkkiz bomba yüklü maşını və üç bombalı motosikleti məhv edilib.
Qeyd edildiyi kimi, İŞİD bu dəfə İraqın Anbar əyalətinin Ratba bölgəsinə basqın edib. Bölgənin böyük hissəsini ələ keçirən terror təşkilat buradakı təhlükəsizlik əməkdaşlarını və Haşdi Sabin üzvlərini öldürüb. İordaniya sərhədindən təxminən 200 kilometr uzaqlıqdakı Ratba bölgəsinə hücum ssenarisi də eynilə Kərkükdəki hücuma bənzəyir. Onlarla İŞİD terrorçusu və bomba yüklənmiş maşınlar 4 tərəfdən bölgəyə hücum edib. Anbar Əyalətinin Məclis başçısı Sabah Kerhut Bağdad hökumətindən dəstək istəyib. Ordu, polis, sərhəd təhlükəsizlik qüvvələri ilə yanaşı tayfa güclərinin də İŞİD-lə müharibədə iştirak etdiyi bildirilir. Bölgədən gələn məlumatlara görə, İŞİD bölgənin İraq ordusunun əlində olan son məntəqəsi Kerbuliyə hücum edib. İŞİD Ratba şəhərinin Misak, İntisar, Zeytun prospektini və Çarşı bölgələrini əlində saxlayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB