Sabah Dumaya seçkilərdir

Sabah Rusiyada yeddinci çağırış Dövlət Dumasına seçkilər keçiriləcək. Rusiyanın ucqar ərazilərində və ölkə xaricində yerləşən bir sıra seçki məntəqələrində erkən səsvermə keçirilsə də, Ukraynada olan rusların səsvermə təhlükəsizliyi məsələsi hələ də həll olunmayıb. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Milli Məclisinin deputatları Rusiyadakı seçkiləri müşahidə edəcəklər.

Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Ella Pamfilova RİA-novosti-yə müsahibəsində bildirib ki, MSK seçkilərin keçirilməsinə tam hazırdır: "Bütün ehtiyaclar maliyyələşdirilib, maddi-texniki və metodiki baza hazırdır, kadr məsələləri həll olunub, məntəqələrdə təhlükəsizlik isə lazımi səviyyədə olacaq".

Ella Pamfilovanın sözlərinə görə, seçki kampaniyasının keçirilən son mərhələlərində sui-istifadə və pozuntuların sayı əvvəlki seçkilərlə müqayisədə daha azdır: "Seçki kampaniyasının əvvəlindən MSK-ya 2.3 min müraciət daxil olub ki, onların da 1.4 mini Duma kampaniyasına aid olub. MSK-ın "qaynar xətt"inə isə 4500-dən artıq müraciət daxil olub. Şikayətlərin əksəriyyəti təşviqat məsələləri ilə bağlı olub".

Qeyd edək ki, 20 avqustdan başlayan təşviqat prosesi bu gün başa çatıb.

Xatırladaq ki, Rusiyanın Azərbaycandakı səfirliyində də seçki məntəqəsi açılıb. Azərbaycanda yaşayan və işləyən Rusiya vətəndaşları bu məntəqədə səs verə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə