Türkiyədən YPG-yə ağır zərbə: 3 kənd alındı

Türkiyədən YPG-yə ağır zərbə: 3 kənd alındı

Türkiyə ordusunun Suriyada həyata keçirdiyi "Firat qalxanı" əməliyyatı çərçivəsində dəstəklədiyi müxalif Azad Suriya Ordusu növbəti hədəfi olan Münbic şəhərinə doğru irəliləyir.


APA-nın məlumatına görə, Azad Suriya Ordusu tərkibində döyüşən Sultan Murad taborunun komandiri polkovnik Əhməd Osman bildirib ki, PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı YPG Münbici hələ də tərk etməyib, əksinə, şəhərdə mövqelərini gücləndirməkdədir. Buna görə də Azad Suriya Ordusu Münbicə doğru irəliləyir: "Allahın köməyi ilə bir neçə gün ərzində Münbici alacağıq".


Qeyd edək ki, dünən Türkiyə hərbi aviasiyası Amarna və Bir əl-Kusa kəndlərindəki YPG mövqelərinə zərbə endirib. Türkiyənin "Hürriyet" qəzeti isə günün ikinci yarısında Azad Suriya Ordusunun Cerablus şəhərinin cənubunda, Münbic istiqamətində yerləşən Amarna, Bir əl-Kusa və Ayn əl-Bayda kəndlərinin YPG-nin nəzarətindən azad etdiyi barədə məlumat yayıb. Qəzet Azad Suriya Ordusunun döyüşçülərinin bu kəndlərdəki görüntülərini yayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə